Şahdağ Milli Parkı istifadəyə verildi
03 oktyabr 2013 15:40 (UTC +04:00)

Şahdağ Milli Parkı istifadəyə verildi

Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinin tikintisi tam olaraq başa çatdırılıb və artıq milli park kollektivinin, o cümlədən ziyarətçilərin istifadəsinə verilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni istifadəyə verilmiş İnzibati Bina Kompleksinə oktyabrın 4-də nazirliyin rəhbərliyinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə baxış keçiriləcək.

 

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının müasir infrastrukturu, ərazisində Azərbaycanın ən yüksək zirvələrinin yerləşməsi, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyi onu regionun böyük ekoturizm potensialı olan təbiət kompleksi kimi səciyyələndirir. Şahdağ Milli Parkının müasir standartlara cavab verən İnzibati Bina Kompleksi ölkə prezidentinin  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq “Dövlət Əsaslı Vəsait Qoyuluşu Çərçivəsində” büdcə vəsaiti hesabına reallaşıb. Yeni İnzibati Bina Kompleksi inzibati binadan, Ekoturizm Mərkəzindən və Milli Parkın yerləşdiyi 6 inzibati (Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ) rayonun müvafiq ərazilərində tikilmiş nəzarət-buraxılış məntəqələrindən ibarətdir. Milli Park həmçinin, texniki avadanlıqlarla, çətin şəraitdə hərəkət edə bilən kvadrasikl və qarda yeriyən nəqliyyat vasitələri ilə də təchiz edilib.

 

İnzibati binada Milli Parkın işçilərinə müasir tələblərə cavab verən iş otaqları və iş şəraiti yaradılıb, həmçinin, burada xüsusi təyinatlı otaq, kitabxana, konfrans zalı fəaliyyət göstərir. Ekoturizm Mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə olunması, turizm avadanlıqlarının icarəyə verilməsi üçün şərait yaradılıb və təbiət muzeyi turistlərin istifadəsinə verilib. Yeni nəzarət-buraxılış məntəqələri isə Qusar rayonunun Ləzə, Quba rayonunun Xınalıq, Şamaxı rayonunun Qələybuğur, İsmayıllı rayonunun Buynuz, Oğuz rayonunun Baş Daşağıl kəndlərində və Qəbələ rayonunun müvafiq dağlıq sahəsində  inşa edilib.         Şahdağ Milli Parkı ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılması  məqsədilə yaradılıb. Eyni zamanda Milli Park təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsi məqsədi də daşıyır. 

 

Xatırladaq ki, Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli sərəncamı əsasında yaradılmışdır. İlkin olaraq ərazisi 115895 hektar olan Milli Parkın 21014 hektarı İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları, 81797 hektarı Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları və 13084 hektarı isə həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar hesabına təşkil edilib. Nazirlər Kabinetinin 2010-cu il 08 iyul tarixli 193/S nömrəli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək 130508,1 hektara çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1792
avatar

Oxşar yazılar