2014-cü ilin yanvarın 1-dən etibarən rəqəmli əsas (açıq) paketdə MTRŞ-nın müvafiq qərarına əsasən Bakı şəhərində və respublika ərazisində yalnız milli TV proqramları (AzTV, “Mədəniyyət”, “İdman Azərbaycan”, İTV, “Lider” TV, ANS, “Space” TV, ATV, “Xəzər” TV və TRT1) açıq yayımlanır. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Bakı və Gəncə şəhərlərində digər kanalların yayımı bu yayımları həyata keçirən şirkətlərlə vətəndaşların istəyinə uyğun müqavilə bağlamaqla aparılacaq.
Respublikanın digər regionlarında açıq paketdən əlavə kanalların yayımının təşkilinə dair işlər davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək.
Qeyd edək ki, respublika ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar efirdə çox proqramlı TV yayımlarının test edilməsi məqsədilə Bakı şəhərində və bəzi bölgələrdə açıq rəqəmli paketə milli ümumrespublika TV proqramları ilə yanaşı, bir neçə xarici kanal da daxil edilib.