QHT-lərlə bağlı qanun sərtləşdirildi - QANUN
17 dekabr 2013 14:05 (UTC +04:00)

QHT-lərlə bağlı qanun sərtləşdirildi - QANUN

Azərbaycan Milli Məclisi “Qeyri-hökumət Təşkilatları haqqında” qanun layihəsinə dəyişikliklər edib.

Lent.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsi barədə çıxış edən MM-in hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli təklif edilən dəyişiklikləri deputatların diqqətinə çatdırıb.

Deputat deyib ki, təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiyasına və qoşulduğu beynəlxalq konvensiyalara tamamilə uyğundur və bu dəyişikliklər ölkədə fəaliyyət göstərən QHT-lərin işinin şəffaflaşdırılmasına xidmət edir.

Deputat Zahid Oruc qanun layihəsinin müzakirəsi zamanı deyib ki, QHT-lərlə bağlı qanuna təklif edilən dəyişikliklər təqdirəlayiqdir. Onun sözlərinə görə, xarici QHT-lərin rəhbərlərinin müavinlərinin azərbaycanlı olması ilə bağlı tələb kifayət qədər doğrudur: “Biz “Freedom House” və s. kimi beynəlxalq təşkilatların rəhbərlərinin hamısının bioqrafiyasına baxsaq, görərik ki, bu təşkilatların rəhbərləri əksər hallarda ABŞ kəşfiyyat orqanlarının əməkdaşları olur. Bu baxımdan, bizim qanuna edəcəyimiz dəyişikliklər doğrudur”.

Z.Orucun sözlərinə görə, Azərbaycan bu sənədlə özünü beynəlxalq aləmdən təcrid edərək, Rusiyadakı qanunu tamamən köçürmür və bu fikir yanlışdır.

Deputat deyib ki, QHT sektoru özləri ilə bağlı şəffaflıq tələbi olduqda, bu məsələni süngüylə qarşılayır: “Məsələn, Leyla Yunus 320 min avrodan çox vəsait alıb. Məsələ burdadır ki, Azərbaycan dövləti ilə konfrontasiyada olan şəxslər beynəlxalq donorlardan daha yaxşı vəsaitlər alırlar. Bu qədər böyük miqdarda pulun hər hansı bir yoxlamaya məruz qalmasını heç kim istəmir. Əgər bunlar əməli-salehdirsə, niyə özlərinin yoxlanılmalarına etiraz edirlər. Xüsusilə seçki üzərində ixtisaslaş QHT-lər dövlətə əsas təzyiq vasitəsidir. Buna mənim şübhəm yoxdur ki, ATƏT-in Varşava bürosu casus şəbəkəsidir. Elə son hadisəni qeyd edim ki, həmin o Seçki Monitorinq Mərkəzinin hesabatlarını olduğu kimi öz yekun hesabatlarında dərc etdilər”.

BQP sədri Fazil Mustafa isə bildirib ki, təklif olunan dəyişiklikləri mütərəqqi hesab etmir. O deyib ki, onsuz da yerli QHT-lərlə bağlı kifayət qədər məhdudiyyətlər var və bunları artırmaq yox, azaltmaq lazımdır.

Qanun layihəsi səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib.

Qanun layihəsinə edilən dəyişiklikləri təqdim edirik:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003‑cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007-ci il, № 11, maddələr 1049, 1053; 2008-ci il, № 8, maddə 699; 2009-cu il, № 7, maddə 517, № 8, maddə 611; 2010-cu il, № 4, maddə 265) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddədə "ictimai birliklərin və fondların" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin" sözləri əlavə edilsin;

2. 1.4-cü maddədə "qeyri-hökumət" sözü "qeyri-kommersiya" sözü ilə əvəz edilsin;

3. Aşağıdakı məzmunda 2.2-1-ci maddə əlavə edilsin:

"2.2.-1 Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır."

4. 2.3-cü maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir.";

5. 4-cü maddədə "istənilən" sözü "bu Qanunla müəyyən edilmiş" sözləri ilə əvəz edilsin;

6. Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:

"7.1-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.";

7. 7.4-cü maddənin birinci cüməsində "Əsasnaməyə" sözü "Əsasnamədə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə və səlahiyyətlərə uyğun" sözləri ilə əvəz edilsin;

8. Aşağıdakı məzmunda 7.4-1-ci maddə əlavə edilsin:

"7.4-1. Qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, onun qeydiyyatını aparmış qurumun adı), filial və nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydası göstərilməlidir.";

9. 7.5-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.";

10. 9.1-1-ci maddədə "təsisçisi" sözündən sonra "və qanuni təmsilçisi" sözləri əlavə edilsin;

11. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:

"10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradıldığı müəyyən edildikdə təşkilatın üzvlərinin iddia ərizəsi əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.";

12. 11-ci maddənin birinci cümləsində "öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən" sözləri çıxarılsın, ikinci cümləsində "təsis sənədləri" sözündən sonra "və könüllü fəaliyyəti haqqında qanunvericilik" sözləri əlavə edilsin;

13. 12.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin;

"Sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.";

14. 13.1-ci maddədə "məqsədləri və" sözləri "məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi," sözləri ilə əvəz edilsin;

15. Aşağıdakı məzmunda 16.3 və 16.4-cü maddələr əlavə edilsin:

"16.3. Qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir.

16.4. Qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvvəqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.";

16. Aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin;

"19.7. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və yaxud özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir";

17. 20-ci maddədə "təşkilatı" sözündən "Mülki Məcəllədə və" sözləri əlavə edilsin və maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Qeyri-hökumət təşkilatı ləğv edildikdə öz əmlakının müvafiq məqsədlərə yönəldilməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir";

18. Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:

"22.4. Qeyri-hökumət təşkilatı peşəkar dini fəaliyyətlə məşğul ola bilməz.";

19. 24-1.1-ci və 24-1.5-ci maddələrdə "qeyri-hökumət təşkilatının" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin" sözləri, 24-1.2-ci maddədə "qeyri-hökumət təşkilatı" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri" sözləri, 24-1.3-cü maddədə "qeyri-hökumət təşkilatına" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə" sözləri, 24-1.4-ci maddənin birinci cümləsində "qeyri-hökumət təşkilatının" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin" sözləri, ikinci cümləsində "qeyri-hökumət təşkilatı" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri" sözləri əlavə edilsin;

20. Aşağıdakı məzmunda 26.4-cü maddə əlavə edilsin:

"26.4. Qeyri-hökumət təşkilatının səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir.";

21. 29.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"29.5. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etməlidirlər. Fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən yardım formasında aldıqları (verdikləri) bütün maliyyə vəsaitləri, əmlak və digər hüquqlar üzrə müqavilələr bağlanmalıdır.";

22. Aşağıdakı məzmunda 29.6-cı və 30-1-ci maddələr əlavə edilsin:

"29.6. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

Maddə 30-1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi

30-1.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30-1.2. Müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etmək səlahiyyətinə malikdir.

30-1.3. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.";

23. 31-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"31.1. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

31.2. Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə məsuliyyət müəyyən olunmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatına, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq edilir və pozuntuların 30 günədək müddətdə aradan qaldırılması haqqında göstəriş verilir.

31.3. Bu Qanunla müəyyən olunmuş qaydada və hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması əsasları aşağıdakılardır:

31.3.1. qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətdikdə;

31.3.2. qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntular aradan qaldırılmadıqda;

31.3.3. qeyri-hökumət təşkilatının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılması müəyyən edildikdə.

31.4. Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.

31.5. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüququna malikdir.

31.6. Bu Qanunun 31.3.1-31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması barədə məhkəmə qarşısında məsələ müvafiq icra hakimiyyəti orqanı, bu Qanunun 31.3.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qeyri-hökumət təşkilatının üzvləri tərəfindən qaldırılır.

31.7. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması müddəti tamam olduqda və buna səbəb olmuş pozuntular aradan qaldırıldıqda bu Qanunun 31.3.1-31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, 31.3.3-cü maddəsində müəyyən olunmuş halda isə təşkilatın üzvlərinin müraciəti əsasında qurumun fəaliyyəti məhkəmənin qərarı ilə bərpa oluna bilər.

31.8. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Anar Gəraylı

Oxşar yazılar