Millət vəkili Qənirə Paşayeva Çexiya, Meksika və Rusiya millət vəkilləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva görüş zamanı Çexiya, Meksika və Rusiya millət vəkillərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı danışıb.
O deyib ki, beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Çexiya, Meksika və Rusiya millət vəkilləri ölkələrinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini deyərək ikitərəfli münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Q. Paşayeva Çexiya, Meksika və Rusiya millət vəkillərinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.