Qənirə Paşayeva: ”Cərimələrin artırılmasına ehtiyac var”
27 dekabr 2013 13:18 (UTC +04:00)

Qənirə Paşayeva: ”Cərimələrin artırılmasına ehtiyac var”

Millət vəkili Qənirə Paşayeva Parlamentin bu günkü iclasında   əlillərin işlə təminatındakı  problemlərdən danışıb və qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini qaldırıb.

Lent.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var: "Məşğulluq haqqında qanuna görə iş yerlərinin sayı 20-dən artıq olan müəssisələrdə əlillərin işlə təminatı üçün kvota qoyulub. Bu kvota işçilərin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3%, işçilərin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4%, işçilərin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5%-ni təşkil etməlidir. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanununu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı cərimələrin ciddi şəkildə artırılmasına  ehtiyac var. Ən azı bu cərimələrin həcminin çox olması həmin qurumları və şirkətləri əlilləri işə götürməyə məcbur edə bilər. Yəni cərimələrin səviyyəsini artırmaqla biz qurumları və şirkətləri əlilləri işə götürməyə daha çox sövq edə bilərik. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təminatı üçün addımlar atılmalıdır. İkinci məsələ ondan ibarətdir ki, bir müddət əvvəl həmin kvotaya bir sıra başqa qrupların əlavə olunması ilə əlillərin işlə təminatı sahəsində kvota daxilində əlillərin faizi aşağı düşüb. Ona görə də qanuna yenidən baxaraq, kvotanın artırılması istiqamətində addımlar atmalıyıq ki, əlillərin işlə təminatına qanunvericiliklə daha çox dəstək verə bilək. Bir sözlə, əlillərin işlə təminatı, məşğulluğu sahəsində öz həllini gözləyən bir sıra çox ciddi məsələlər var və biz qanunvericilik orqan olaraq bu istiqamətdəki bəzi qanunlarımızda onların hüquqlarının daha möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməyə çağırıram."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967
avatar

Oxşar yazılar