Qənirə Paşayeva: “Bu, düşünülmüş addımdır...” - MÜSAHİBƏ
10 yanvar 2013 19:54 (UTC +04:00)

Qənirə Paşayeva: “Bu, düşünülmüş addımdır...” - MÜSAHİBƏ

Millət vəkili Qənirə Paşayeva son günlər yenidən diqqət mərkəzindədir. Daxili orqanlarının bağışlanması barədə yazdığı vəsiyyətnamə barədə açıqlamasından sonra millət vəkilini qınayanlar da oldu, təqdir edənlər də.  Lent.az bu məsələdə ən vacib cavabları millət vəkilinin özündən almağı doğru sayıb.

 

- Səhhətiniz necədir?

 

- Normal. Allaha şükür ki, heç bir şikayətimiz yoxdur. Hər şey qaydasındadır.

 

- Belə çıxır ki, gündəmdə vəsiyyət olsa da, planda hələ ki, yaşamaqdır...

 

- Həyat an məsələsidir. Bunu daha yaxından öz atamda dərk etdim. Sağlam atamı öz əlimlə yola saldım və cəmi bir gün sonra cənazəsini qarşıladım. Biz sabah, üç-beş gün sonra da həyatda olmaya bilərik. Yəni yaşamaq yalnız orqanların sağlamlığından aslı deyil. Bizi bu dünya ilə vidalaşdıracaq gözlənilməz hadisə, qəfil xəstəliklər də ola bilər. Bundan da heç kim sığortalanmayıb.

 

- Ölüm qaşla göz arasında olur deyirlər. Amma əslində bu deyimin özü də həyata söykənir... Demək olarmı ki, sizin imzaladığınız bu vəsiyyət əslində nəsihətdir?

 

- Burada iki məqam var. Birincisi, mən ölümü çox rahat qəbul etməyə hazır olan insanlardanam. Mənim belə bir ölüm qorxusu hissim yoxdur. Məncə, əgər ölüm hər kəsin taleyinə yazılan böyük hadisədirsə, bundan qorxmaq lazım deyil. Nə vaxtsa həyatda olmayacağımı çox normal qəbul edirəm. Bilirəm ki, bir il sonra həyatda omaya bilərəm. Artıq bir neçə sinif yoldaşım dünyasını dəyişib. Ona görə də qəfildən həyatda olmaya biləcəyini anlayıb ona uyğun addım atmağın tərəfdarıyam. Mən ixtisasca həkiməm. Yəni tibb sahəsinin içərisindən gəlmişdim. Xeyli həkim dostlarım var. Bu məqam da məni insan öldükdən sonra orqanının bağışlanması məsələsinin həlli üzərində düşünməyə sövq edib. Bu məsələ həllini tapmalıdır. Axı öldükdən sonra orqanlarım mənimlə bərabər torpağın altında niyə çürüsün ki? Həyatdan vidalaşanda  öz orqanlarımızla bəlkə də  ən faydalı işi görə bilərik. Bizim orqanlarımızla bir neçə insan yenidən həyata qayıda bilərsə, o zaman niyə biz bu faydalı işi görməyək? Bu istər insani, istərsə də dini baxımından böyük hadisədir. Qurani- Kərimin “Maidə”  sürəsinin 32-ci ayəsində deyilir ki, “bir insanı xilas edirsənsə, bunun savabı bütün insanlığı xilas etməyə bərabər tutulur".

 

Mən də düşündüm ki, əgər bir insan olaraq kimlərəsə həyatda kömək edə bilərəmsə, qoy belə də olsun. Bu prosedurun qanuniləşməsini istədim.

 

- Ailədə nə dedilər?

 

 

- Bu, mənim bir insan kimi qərarımdır. Burada mənfi bir şey yoxdur. Amma ailə üzvlərimlə məsləhətləşdim, əlbəttə. Çünki belə hadisələrdə ailə psixoloji şok yaşaya bilər.

Anamla, bacımla, yaxınlarla çox rahat müzakirə etdik. Təbii ki, onlar öncə hələ cavan olduğum halda belə şeylər barədə niyə düşündüyümü sorğuladılar. Amma ətraflı müzakirədən sonra əleyhimə olmadılar. Mən bildirdim ki, bu məsələ rəsmi sənədləşmə tələb edir və onlar bu barədə məlumatlı olmalıdırlar. Sonda məni dəstəklədirlər də.

 

- Mən də ailəmə demişəm ki, özümdən sonra imkan olsa, orqanlarımdan kimlərinsə xilası üçün istifadə edilsin. Amma siz bu barədə bəyanat verdiniz. Nədir bu, cəmiyyətə bir jestdir, ya nə?

 

- Bu düşünülmüş addımdır. Çox təəssüf ki, bu sahədə bizim ölkədə nə hüquqi, nə də indivudual olaraq konkret addımlar yoxdur. Əslində bu addımı atmaq istəyənlər az deyil. Yəni, bu düşüncədə, istəkdə olan insanlar var. Mənim dostlarım, yaxınlarım arasında da bunun tərəfdarı olanlar var. Onlar ailə üzvlərinə söyləyiblər ki, başlarına bir iş gəlsə orqanları bağışlansın. Amma bunun rəsmiləşdirilmiş şəkildə gündəmə gətirərək cəmiyyətin müzakirəsinə verilməsi halı yoxdur. Halbuki, dünyanın hər yerində bu var. Cəmiyyətdə tanınan, öndə olan insanlar bu məsələni qaldırıblar. Hətta orqan bağışlanmasının oturuşmuş olduğu bəzi Avropa, Amerika ölkələrində cəmiyyətin öndə olan insanları öz addımları ilə bu məsələni təkrar gündəmə gətirirlər. Bu addımlar həmin məsələdə toplumu təşviq etmək üçündür. Sənətçilər, ədəbiyyatçılar, jurnalistlər, siyasətçilər bu məsələdə yaxşı nümunə ola bilirlər. Dünyanın hər yerində insanlar arasında maarifləndirmənin aparılması istiqamətində tanınan insanlar ciddi işlər görməlidir.

 

- Bu cür məsələlərdə niyə Siz önə çıxırsınız? Somali, Təbriz, indi də bu bəyanat. Kimsiniz siz ki, bütün belə işlərin təşəbbüskarı olursunuz ?

 

- Mən sadəcə bir insan kimi belə düşünürəm və özüm örnək olaraq belə addımlar atmaq istəyirəm. Çevrəmə, cəmiyyətə, insanlara bir insan olaraq “mən bu addımı atdım” deyirəmsə, demək onu yerinə də yetirməliyəm. Mənim həyatda prinsipim bundan ibarətdir. Heç vaxt başqaları nə edəcək, nə düşünəcək deyə bir fikirdə olmamışam. Doğru saydığımı edirəm və açıqlayıram.

 

Mən demirəm ki, İlqar Rəsul niyə bu addımı atmır? Deyirəm ki, doğru bildiyimi ilk olaraq elə  özüm başlayım. Açıqlama da ona görə verirəm ki, doğru sayanlar dəstəkləsin, qoşulsun. Bu həm də cəmiyyətdə pozitiv fikir kimi, ən azı müzakirə kimi yayılacaq. Təbii ki, əleyhdarları da olacaq. Bu da çox normaldır. Amma nəticədə bir müzakirə ortamı olacaq. İkincisi, mən bir milllət vəkili kimi hesab edirəm ki, burada da mənim qatqılarım  ola bilər, olmalıdır və olacaq. Söhbət ondan gedir ki, orqan bağışlanması ilə bağlı bizim ölkəmizdə hələ qayda-qanunlar tam tənzimlənməyib.

 

- Bu sahədə qanunvericilik bazası olsa da, həmin mexanizmi təkmilləşdirməyən, qanunu işlək hala gətirməyən parlamentin üzvünün bu addımı atması nə dərəcədə məntiqlidir ?

 

- Parlamentin bu məsələdə məsuliyyəti yoxdur. Parlament bununla bağlı qanunu 1999-cu ildə qəbul edib. Bu qayda-qanunların prinsipləri gərək işlənsin. Əgər işlənən zaman qanunvericilikdə haradasa boşluq yaranarsa, təklif olunacaq ki, bu əlavə edilsin.

 

- Mexanizmin işlənməsi üçün addım atılmayıb.

 

- Müvafiq icra hakimiyyəti orqanları bunu atmalıdır. Əsas sual qəbul edilən bu qanunun niyə indiyədək tam təkmil şəkildə öz həllini tapmamasıdır. Bu, bizim vəzifəmiz və məsuliyyətimizdir. Burada məqsəd qərarı təkcə cəmiyyətə açıqlamaq, maarifləndirmək yox, bir  millət vəkili olaraq bu qanunun daha da tez həyata keçməsini istiqamətləndirməkdir. Çünki bu qanun çox gecikib. Qanunun qəbul olunmasından 12 il keçib, amma hələ də öz yerini tutmayıb. Baxın bu qanunun yerini tapmaması nə ilə nəticələnir? Azərbaycanın yazarlarından birinin bacısı dünyasını dəyişib. Onun himayəyə götürülmüş övladı böyrək problemləri ilə iki il yarımdır ağır vəziyyətdədir. 13 yaşlı bir uşağın böyrəkləri tamamilə çürüyüb və onun həyatı dializ aparatlarına bağlıdır. Əgər bu uşağa böyrək köçürülməsə, onun ömrünün sonuna az qalıb. Onun yaxın qohumları da çox azdır. Həmin qohumlar içərisində uşağa donor olmaq istəyənlər uyğun gəlmir, bəziləri də böyrəyini vermək istəmir. İndi bu ailə neynəməlidir? Bu ailə başqasından böyrək xahiş etməlidir. Bu günki qaydalara görə də yaxın qohumlardan kənarda olan insan böyrəyini verə bilməz. Bu, orqan cinayəti sayılır. Dünyadan köçən insanların orqan bağışlanması sistemi isə Azərbaycanda oturuşmayıb ki, onlar bu imkandandan istifadə etsinlər. İndi də uşaq ölümə məhkum vəziyyətdə ortada qalıb. Çünki orqan bağışlamaq sistemi yoxdur. Belə insanların sayı bilirsiniz nə qədərdir? Bax bu mexanizmi işlətməliyik ki, insanlar dünyasını dəyişən anda orqanları bağışlanılsın? Düzdü çox imkanlı insanlar bunu gedib xaricdə etdirə bilirlər. Amma bizim yüzlərlə insanlarımızın da imkansızlığa görə ölümə məhkum olmasına imkan verməməliyik.

 

- İmkanlı adamlar-dediniz. Uşaqların övladlığa məhz orqanlarından istifadə etmək üçün götürüldüyü bir zəmanədə sizin orqanlarınızın satılmayacağına, bundan həmin imkanlı adamların yararlanmayacağına və həkimlərin faydalanmayacağına nə dərəcədə təminatlısınız ?

 

- Bu məsələdə Amerika kəşf etməyə ehtiyac yoxdur. Dünyada - çox normal, inkişaf etmiş ölkələr artıq bunu tətbiq edirlər. Heç bir ciddi problemlə də üzləşmirlər. Biz nəyə görə hesab etməliyik ki, o millətlərdən, dövlətlərdən keyfiyyətimiz aşağıdır.

Vəsiyyətnaməmdə yazmışam ki, öz orqanlarımı xəstə və orqan köçürülməsinə ehtiyacı olan, maddi imkanları çox məhdud ailələrə pulsuz bağışlayıram. Mənim ailəm də bu orqanların kimə köçürüldüyünə nəzarət edəcək.

Yəni dünyada bu məsələnin həllinin konkret mexanizmi var və biz də istəsək tətbiq edə bilərik. İlkin vaxtlarda ortaya çıxa biləcək hansısa problemlərə görə yüzlərlə xilas ola biləcək insanların həyatdan köçməsinə  göz yuma bilmərik.

 

- Təşəbbüslərin təşəkkürdən daha çox təkəbbürlə qarşılandığı bir cəmiyyətdə yaşayırıq. Sizi qınayanlar, kinayə ilə yanaşanlar da oldu.  

 

- Mən Allaha inanan insanam. Bu qınaqlar da, kinayə də ola bilsin mənim Allah tərəfindən imtahanımdır. Bəlkə imanımda, duyğularımda nə qədər səmimi olmağımın yoxlanışıdı. Nə deyim. Təəssüf ki, bizdə çoxdur təşəbbüsə belə yanaşan insanlar. Onlar təşəbbüsə mahiyyətinə görə deyil, müəllifinə, onun kimliyinə, siyasi baxışlarına və sairəyə dair öz şəxsi münasibətlərindən yanaşıb reaksiya verməyi önəmli sayırlar. Başlayırlar o insana qarşı hansısa fikirlər irəli sürməyə, mahiyyət isə kənarda qalır. Biz özümüzü normal təşəbbüslərə normal reaksiya vermək yönündə tərbiyə etməliyik.

 

Nə fərqi var bunu İlqar Rəsul irəli sürdü, ya Qənirə xanım? Biz təşəbbüsün cəmiyyətimiz üçün önəmli olub-olmamasını müzakirə etməliyik. Qənirə Paşayevadan öncə bunu o qədər düşünən insanlar olub. Hətta bununla bağlı öz qərarını ailəsinə də açıqlayıb. Türkiyədə oxuyan çox savadlı həkim dostlarım var (Vaxtı ilə Tibb Universitetində birlikdə oxumuşuq). Bu gün yaxşı kadrlar kimi Azərbaycana gəliblər. Onlarla hər zaman söhbətdə bu sistemə çox ehtiyacımızın olduğunu söyləyirlər. Mən bu addımı hər kəsdən ağıllıyam deyib atmadan. Sadəcə bir çox insanların bu istiqamətdəki fikirlərini bir az konkretləşdirib, belə bir təşəbbüslə çıxış etdim desək daha doğru olar. Mən istəyərdim ki, cəmiyyətimiz bu gün Qənirə Paşayevanın addımını yox, bizə orqan bağışlanılması sisteminin lazım olub-olmamasını müzakirə etsin. Qarayaxmalar, bunda bir maraq axtarmalar, bir insan olaraq məni üzür. Amma bunları da qəbul edirəm. Ən önəmlisi odur ki, siz addımınızın doğru olduğunu və bunun insanlar üçün xeyirli olduğunu bilirsiniz.

 

Bunu artıq kimsə doğru, kimsə yalan anlayırsa, bu, onların öz işidir. Onlara cavab vermək fikrim yoxdur.

 

- İnsan məzara əliboş qoyulur-deyirlər. Sizsə məzara həm də içi boş qoyulursunuz. Buna necə baxırsınız ?

 

- Çox normal baxıram. Əgər bizim dini kitablarımızda bu qadağan olunmursa, əksinə bunun yüksək humanist addım olduğu qəbul edilirsə, normal baxıram. Dünyadan getdiyimiz zaman bizim orqanlarımızla bir neçə insan xilas olursa, nə gözəl.

 

- APA TV-nin rəhbəri Eldəniz Vəliyev soruşur ki, Sizin məlum vəsiyyətiniz ölümünüzü süni şəkildə sürətləndirə bilərmi ?

 

- Yox. Ölümün Allahın əlində olduğunu bilən, inanan insanam. Hesab edirəm ki, nə zaman dünyadan köçməliyiksə, o zaman köçəcəyik. Biz dünyadan köçməmizə də hazırlıqlı olmalıyıq. Bir millət vəkili kimi ən çox rastlaşdığım problemlərdən biri də cəmiyyətimizdə insanların rəsmi vəsiyyət yazma ənənəsinin hələ də formalaşmamasıdır. 60-70 yaşlarında olan insanlar vəsiyyət yazaraq əmlakı övladları arasında bölüşdürmədikləri üçün sonradan xeyli problemlər yaranır.

 

- Hansı orqanlarınız sağlamdır ?

 

- Son keçdiyim “çek-up”-a görə bütün orqanlarım sağlamdır. Ciddi xəstəlik aşkar olunmayıb. İnşallah, bu sağlamlıq belə də davam edər.

 

- Ürəyiniz necədir ?

 

- Şükürlər olsun ki, ürəyim də sağlamdır. Hər kəsi sıxan məsələlər, arada bizim də ürəyimizi sıxır. Amma ciddi problemlər yoxdur.

 

- Ürəyinizin necə insana köçürülməsini istərdiniz ?

 

- Mənim üçün fərqi yoxdur. Sadəcə, imkansız insana.

 

- Qadın, ya kişi olsun?

 

- Qadın, kişi fərqi yoxdur. Heç bir yerdən kömək ala bilməyən insana.

 

- Birdən ürəyiniz naqis, düşkün, yüngül əxlaqlı bir qadına qoyuldu ?

 

- Olsun. Fərq etməz. O, insandır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3481
avatar

İlqar Rəsul

Oxşar yazılar