Qanunsuz at əti sexi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq
10 iyul 2013 11:52 (UTC +04:00)

Qanunsuz at əti sexi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən “ət kəsim sexi” ilə bağlı məlumat yayıb. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu xanvəlinin Lent.az-a veridyi məlumata görə, iyulun 9-da DBX-nın keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynalov Zeynala məxsus fərdi yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərən “ət kəsim sexi” aşkarlanıb. Bu “kəsim sex"də uzun müddət atların kəsiminin aparıldığı müəyyən edilib.

Dövlət Baytarlıq Xidməti əməkdaşlarının keçirdiyi reyd nəticəsində əməli ortaya çıxan ev sahibi etiraf edib ki, o, sifarişlərə uyğun atları Bərdə və Ağdaş rayonlarının heyvan bazarlarından ucuz qiymətə alaraq kəsib müştərilərə satıb.

Dövlət Baytarlıq Xidmətinin reydi zamanı həyətdə 11 baş sağlamlığı şübhə doğuran at və baytarlıq-sanitariya tələblərinə cavab verməyən at tövləsi, gizli kanalizasiya xətti aşkar edilib. Həmçinin, təzəcə əti çıxarılmış atın yuxarı ətraflarının skeletləri, at sümükləri ilə dolu ərazi aşkarlanıb. O cümlədən, kustar üsulla düzəldilən və kəsilən ətlərin saxlanılması üçün soyuducu, tərəzi, ətin sümükdən çıxarılması üçün alətlər, qarmaq, stol və avadanlıqlar aşkarlanaraq tərtib olunan akt əsasında qeydiyyata alınıb.

 

Qəsəbə icra nümayəndələrinin iştirakı ilə aşkarlanmış at sümükləri araşdırılmaq üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Ərazi nəzarət altına alınıb. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.

# 673
avatar

Oxşar yazılar