Azərbaycanın məşhur xanımları həmcinslərinə belə DƏSTƏK OLDULAR
Son günlər qadınlara qarşı zorakılıqlarla bağlı məlumatlar kifayət qədər artıb. Qadınlara qarşı zorakılıqların qarşısını necə azaltmaq olar? Cəmiyyət bununla bağlı öz üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilirmi?
Lent.az cəmiyyətdə müəyyən mövqe sahibi olan qadınların fikrini öyrənməyə çalışıb.
Yazıçı-publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın fikrincə, məişət zorakılığı ilə bağlı indiki vəziyyət kriminal nəsil yetişdirməyimizin nəticəsidir: “Kriminal nəsil yetişdirilməsinə qarşı mübarizə aparmalıyıq. Heç nə oxumayan, öyrənməyən bir adam nəticədə kimisə öldürür. Cəmiyyət olaraq kriminal toplumun yetişməsində təşviqçi rolunda olmuşuq”.
İ.Tuncay bildirib ki, kişilərin zorakılığına qarşı qadınların da eyni hadisələri törədərək mübarizə aparmalarına səsləyən fikirlər çox gülüncdür: “Kişiləri zorakılığa məruz qoyaq və buna oxşar fikirlər səsləndirilir. Gülməli yanaşmadır. Qadınları kişilərə düşmən etməklə nə olacaq? Birincisi, qadının kişi ilə mübarizə aparmağa gücü çatmaz. Yaxud, mübarizə aparıb nəyə nail olacaq? Bu hallarla mübarizə aparılmasına uşaq bağçalarından başlamaq lazımdır. Təhsil sisteminin düzgün qurulması vacibdir”.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, Azərbaycanda qadına qarşı bu cür zorakılıq halları əvvəllər çox az-az baş verərdi: “Bu cür halların baş verməsi, artması millət üçün, cəmiyyət üçün təhlükəlidir. Hər millətin mədəniyyəti onun qadına münasibəti ilə ölçülər. Biz vəhşi, təcavüzçü, qadına işgəncə edən bir millət deyilik. Bunlar hamısı qanunlardakı boşluqların, cinayət edən insanların cəzasını yetərincə almamasından irəli gəlir. Buna qarşı cəmiyyət olaraq mübarizə aparmalıyıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bununla bağlı ciddi mövqe bildirməli, iş aparmalıdır. Bundan başqa, ictimai qınaq da olmalıdır. Cəmiyyət ayağa qalxıb bu məsələyə birmənalı reaksiya verməlidir. Yola getmirsən ayrıl, boşan. Bir qadını öldürmək cinayətdir. Toplumda qınaq olmalıdır, özəlliklə qadınlar zorakılığa qarşı mübarizə aparmalıdır. Təəssüf ki, bu gün cəmiyyətdə bu hallara qarşı qınaq yetərli səviyyədə deyil”.
Müğənni Nura Suri bildirib ki, dünyanın bütün ölkələrində, bütün dövrlərdə qadına qarşı zorakılıq olub: “Kişilər özlərini hər zaman qadınlardan üstün hesab ediblər. Bunun da günahı biz analardadır. Oğlan övladlarımızı doğru tərbiyə etməliyik. Qızlarla aralarında ayrı-seçkilik qoymamalıyıq. “Kişi özünə çay tökməz”, “kişi paltarını ütüləməz” və buna bənzər fikirlər deməklə gətirib bu səviyyəyə çatdırmışıq. Belə kiçik hesab etdiyimiz məsələlər psixologiyanı formalaşdırır. Kişilər də elə fikirlərşir ki, qadın mənim qulluğumda olmalıdır, mən kişi olduğum üçün istədiyimi edə bilərəm”.
N.Suri cəmiyyətdə qadının öz ayaqları üstündə durmasının çətin olduğunu, bu halın dünyanın ən inkişaf etmiş ölkələrində belə problemə çevrildiyini bildirib: “Hətta Madonna öz çıxışlarından birində qadın olmağın nə qədər çətinliyindən bəhs edir. Nə qədər inkişaf edib, dəyişsək də bu problemi qadınlar yaşayır. Qadın üçün öz ayaqları üstündə durmaq çox çətindir. Elə kişilər var ki, qadını işə götürdüyü üçün ona başqa təkliflər etməyə özündə haqq görür”.
Yazıçı Sahilə İbrahimova bildirib ki, qadınlara qarşı zorakılıq əvvəllər də olub və davam edir: “Mən bu problemlərin həllində hər zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işindən narazı olmuşam. Hələ də ölkədə qadın zorakılığına qarşı hər kəs üçün əlçatan olan qaynar xətt yoxdur”.
Onun fikrincə, hazırda qadınlara qarşı zorakılıq halları ilə bağlı məlumatlar daha çox işıqlandırılır, bu barədə çox danışılır: “Hesab edirəm ki, bu yolla problemləri həll edə bilərik. Ailələrin içində çox acınacaqlı problemlər yaşanır. Hətta kənardan baxanda heç ağlımıza gətirmədiyimiz ailələrin daxilində belə, psixoloji zorakılığı kənara qoyuram, fiziki zorakılıq dəhşətli dərəcədədir. Üstəlik, bu halların açıqlanması ayıb sayılır. Ümumiyyətlə, döyülən, şiddət görən insan onu açmaqdan utanır. Bu, qurban psixologiyasıdır. Çünki fiziki şiddətə məruz qalan insan paralel olaraq mənəvi və psixi şiddətə də məruz qalır. Qurbanların özləri də bu faktları gizlədirlər. Ona görə problemlə birbaşa mübarizə aparmaq çətindir”.
1676