Yanvarın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas”ı keçirilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin beynəlxalq nüfuzunun ötən müddətdə daha da artdığını qeyd edib. Prezident İlham Əliyev 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kompaniyanın iflasa uğradığını bildirib. Dövlət başçısı ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayan Prezident İlham Əliyev ötən ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirib.
Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, ölkəmizin əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanan dövlətimizin başçısı bütün sahələrdə güclər nisbətinin respublikamızın xeyrinə olduğunu vurğulayıb. Dövlət başçısı ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu ildə təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa ediləcəyini deyib. Prezident İlham Əliyev 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun təxminən 6%, qeyri-neft sektorunun 9,8%, əhalinin pul gəlirlərinin 8% artdığını və inflyasiyanın 2,4% təşkil etdiyini bildirib. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlət başçısı Azərbaycanın strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılıb və işsizlik bir qədər də aşağı salınaraq 5% təşkil edib. Respublikamızda yoxsulluğun 5,3 % səviyyəsində olduğunu deyən dövlət başçısı Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbətdə cəmi 8% təşkil etdiyini və bunun dünya miqyasında ən yaxşı göstəricilərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Davos Forumunun son açıqlamasına əsasən rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkəmizin bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını davam etdirəcəyini deyib. Dövlət başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğulayıb. “İKT ili” elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərləndirən Prezident İlham Əliyev respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirib. Dövlət başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilisi-Qars dəmiryolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd edib. 2013-cü ildə TAP və “Şahdəniz-2” layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.
Prezident İlham Əliyev real siyasətə və görülən işlərə qiymət verərək ötən il onu yenidən dövlət başçısı seçən xalqımıza minnətdarlığını bildirib, bütün mötəbər qurumların seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçdiyini rəsmi qaydada təsdiqlədiklərini bildirib.
Sonra Maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev çıxış ediblər.
İclasa yekun vuran Prezident İlham Əliyev ötən ildə əldə olunan uğurların 2014-cü ildə də davam etdirilməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin , inflyasiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf və Bakı və ətraf qəsəbələrin inkişaf proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirib. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin əsas məqsədlərdən biri olduğunu söyləyən Prezident İlham Əliyev bunun üçün meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatları yaradılması və kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması üçün vəsait ayrılması prosesinin davam etdirilməsi, torpaq fondunun uçotunun başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Prezident İlham Əliyev 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya ,həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş asan Xidmət şəbəkələrinin genişlənəcəyini vurğulayıb.
Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa oyunlarına hazırlıqda həlledici il kimi səciyyələndirib.
Dövlət başçısı 2014-cü ilin “Sənaye ili” olacağını bildirib.