“Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilib. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib və bizim bu sahədəki fəaliyyətimiz getdikcə genişlənəcək”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev yeni salınan Dədə Qorqud parkının açılışında çıxışı zamanı bildirib. Dövlət başçısının sözlərinə görə, Bakıda yeni istirahət zonalarının yaradılması ilə bağlı planlarımız var: “Onların bir hissəsi icra edilir, bir hissəsi icra edilib.
Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan bu gün dünya miqyasında siyasi və iqtisadi mərkəzlərin birinə çevrilmişdir. Yüksək səviyyəli çoxsaylı tədbirlərin, zirvə görüşlərinin, iqtisadi forumların, dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Forumunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizin siyasi və iqtisadi mərkəz kimi təqdim edilməsinə xidmət göstərir”.
Prezident onu da vurğulayıb ki, ölkəmizdə, Bakıda və bölgələrdə keçirilən çoxsaylı mədəni tədbirlər, festivallar, müsabiqələr artıq bir ənənəyə çevrilib: “Azərbaycana gələn qonaqlar dünyanın incəsənət və mədəniyyət elitasını təmsil edirlər, ölkəmizlə tanış olurlar, ölkəmizdən çox gözəl təəssüratlarla ayrılırlar. Bu da Azərbaycanın dünya miqyasında tanınmasında öz rolunu oynayır. Eyni zamanda, xaricdə, dünyanın aparıcı ölkələrində keçirilən Azərbaycan günləri bizim zəngin mədəniyyətimizi bir daha dünya birliyinə çatdırır. Dünyanın aparıcı şəhərlərində açılan Azərbaycan mədəniyyət mərkəzləri öz rolunu oynayır. Xaricdə Azərbaycan sərgilərinin keçirilməsi adi hala çevrilib”.