Oktyabrın 1-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Lent.az-ın məlumatına görə, dövlət başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış olublar. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına və xanımına məlumat verib ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.
Bildirilib ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatıb.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşüblər, çay süfrəsi arxasında söhbət ediblər.
Sonda xatirə şəkli çəkdirilib.