Prezident İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6 milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.