Prezident QHT-lər haqqında qanuna dəyişiklik etdi
Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Dəyişikliklərə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən bu qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.