Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri akademik Nəriman Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Lent.az-ın məlumatına görə, nekroloqda deyilir: “Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Fizika sahəsində tanınmış alim, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman Ağaqulu oğlu Quliyev 2014-cü il mayın 20-də ömrünün 88-ci ilində vəfat edib.
Nəriman Quliyev 1926-cı il dekabr ayının 28-də Bakı şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1943-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, lakin fizikaya hədsiz marağı səbəbindən burada təhsilini yarımçıq qoyub, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1952-ci ildə həmin universitetin aspiranturasına qəbul olunan Nəriman Quliyev 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüş və 1955-ci ildə burada fizika ixtisası üzrə aspiranturanı bitirib.
Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Dövlət Universitetində başlayan Nəriman Quliyev nəzəri fizika kafedrasında assistent və baş müəllim vəzifələrində çalışıb. 1959-cu ildən etibarən o, bütün sonrakı taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb. N. Quliyev 1959–1981-ci illərdə Fizika İnstitutunda direktorun elmi işlər üzrə müavini işləyib, 1981–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 2001–2007-ci illərdə isə birinci vitse-prezidenti olub. O, 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müşaviri idi. Akademik uzunmüddətli elmi və elmi-təşkilatçılıq fəaliyyəti yüksək qiymətləndirilib. Alim bir sıra mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və təvazökar insan Nəriman Quliyevin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq”.
Qeyd edək ki, N. Quliyevlə vida mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhum 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.