Prezident:"O müəssisələr tərəddüdsüz bağlanacaq"
10 yanvar 2014 01:03 (UTC +04:00)

Prezident:"O müəssisələr tərəddüdsüz bağlanacaq"

 Azərbaycanda havanı çirkləndirən amillər bir daha təftiş edilməli, “Avro-3” standartına keçid sürətləndirilməlidir.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib.

 

Prezident bildirib ki, havanı çirkləndirən əsas amillərdən olan neftayırma zavodunun yerinə yenisinin tikintisi nəzərdə tutulub, lakin bu zavod tikilənə qədər mövcud müəssisələrdə ekoloji tədbirlər görülməlidir.

 

Havanı çirkləndirən əsas amillərdən birinin də  minik maşınları olduğunu deyən ölkə başçısı Azərbaycana ötən il yüz mindən çox avtomobil idxal edildiyini vurğulayıb.

 

Prezident ekoloji standartlara cavab verməyən, texniki şərtlərə uyğun olmayan maşınların idxalının dayandırıldığını xatırladıb: “Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək”.

 

 

Prezident havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalı olduğunu da deyib: “İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyil. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcək. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir”.

 

Prezident Böyükşor gölünün təmizlənməsi layihəsinə də bu il başlanılacağını bildirib. Dövlət başçısının sözlərinə görə, gələn il layihənin birinci mərhələsi başa çatmalıdır.

 

Prezident qeyd edib ki, bu gölə axıdılan çirkab, lay, neftlə çirklənmiş sular Bakının ekoloji vəziyyətini pisləşdirir.

 

Ölkə başçısı bu cür göllərin təmizlənməsi və ya qurudulması ilə bağlı kompleks tədbirlər planı olmasının və xüsusi proqram qəbul edilməsinin vacibliyini də vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6853
avatar

Oxşar yazılar