“Çox işlər görülüb. Körpülər, binalar, şəhərlər tikilib. Ancaq bu işlərin içərisində əlbəttə ki, sosial məsələlər həmişə mənim üçün prioritet olub. Çünki hər şey insanlar üçündür. İnsanlar rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar. Yaxşı dolanışıq olsun, işlə təmin edilsinlər. Pensiyaçı yaxşı pensiya alsın”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, kimin imkanı yoxdursa, dövlət onları öz himayəsinə götürməli, onlara qulluq etməlidir: “Belə olan halda cəmiyyətdə də müsbət ab-hava yaşanır. Bu gün bizim cəmiyyətimiz sağlam cəmiyyətdir. Bu, çox böyük üstünlükdür. Sakitlik, əmin-amanlıq, sabitlik. Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir!? Toqquşmalar, müharibələr, dava-dalaş, təxribatlar, fəlakətlər. Fəlakətlər burada da oldu. Keçən il zəlzələ, ondan sonra daşqın oldu. Biz bütün bu sınaqlardan şərəflə çıxdıq. Orada minlərlə ev tikildi. Zəlzələdən sonra bir il ərzində dövlət hesabına dörd mindən çox ev tikildi. Yəni, dövlət insanların bütün ehtiyaclarını ödəməlidir. Kim ki, ağır vəziyyətə düşür, dövlət mütləq öz əlini uzatmalıdır. Zəlzələ, təbii fəlakət baş verdi, evlər dağıldı. İnkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə dövlət deyir ki, get, sığorta şirkətindən pulunu al, evin sığortalanıb, get, pulunu al. Amma bizdə belə deyil. Burada dövlət bütün yükü öz üzərinə götürür. Bax, bu sahədə də, ahıllar üçün tikilən evlər, uşaq evləri, xəstə uşaqlar üçün internatlar, xəstəxanalar, məktəblər - bütün bunlar böyük vəsait tələb edən layihələrdir”.