Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev konfransı giriş nitqi ilə açıb. Dövlət başçısı son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafının təmin edildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, növbəti illər üçün də konkret proqramlar var və ölkəmizin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaq. Azərbaycanın neft strategiyasına toxunan prezident İlham Əliyev bu sahədə reallaşdırılan layihələrdən danışaraq qeyd edib ki, bu yaxınlarda “Şahdəniz-2” layihəsinə start verilməsi gələcəkdə ölkəmizin müstəqil inkişafına daha bir töhfə olacaq. Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan prezident İlham Əliyev inkişafın Bakının qəsəbə və kəndlərində də müşahidə edildiyini, şəhərin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, bu Proqramın əsas hədəfi qısa vaxtda Bakıda mövcud problemlərin həllinə nail olmaq idi və artıq bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilib, böyük infrastruktur layihələri icra olunub, bu layihələr elektrik enerjisi, qazlaşdırma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsini, sosial və ictimai zonaların yaradılmasını əhatə edib.
Prezident İlham Əliyev Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunaraq daha çox paytaxtda park və istirahət məkanlarının yaradılmasının diqqət mərkəzində saxlanmasının zəruriliyini bildirib.
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını da vurğulayan dövlət başçısı 2014-cü ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırıb.