“İnsan hüquqları” anlayışının dərk olunmasında fəlsəfi-məntiqi metodlar” adlı kitab çapdan çıxıb
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “İnsan hüquqları” anlayışının dərk olunmasında fəlsəfi-məntiqi metodlar” adlı kitabı çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, kitab insan hüquqları anlayışının dərk olunmasının aksioloji və epistemoloji əsaslarının analizini əks etdirir.
Əsərdə qeyd olunur ki, insan hüquqları insanın təbii xassələrinə - maddi və mənəvi aləminə bağlıdır, insanın təbii fəaliyyətinin nizamlayıcısı, şərtləndiricisi, istiqamətvericisi və stimulvericisidir. İnsan hüquqları bir anlayış kimi bütünlükdə pozitiv olduğu, əhəmiyyət kəsb etdiyi və mənəviyyatın əsaslarını əks etdirdiyi üçün dəyərlərdən təşkil olunur. Dəyərlər tənzimedici, səlahiyyət genişləndirici olur və bu baxımdan da yeni dəyərləri meydana gətirir. Dəyərlər elə gerçəkliklərdən, həqiqi biliklərdən ibarətdir. Dəyər üzə çıxırsa, hüquq da dəyər olaraq qeyri-müəyyənlikdən müəyyənliyə doğru genişlənir, nəzəri baxımdan inkişaf edir. Hüquqla bağlı həqiqi biliklərin sferası da genişlənir.
Hüquq anlayışı insanın dəyər və həqiqi düşüncələrində formalaşır. Hüquqların sərhədləri olduğundan, onun gerçəkliyi də sərhədlər daxilində aşkar olunur. Dəyər anlayışı mənəviyyatın və hüququn epistemoloji və aksioloji mahiyyətini bir-birinə bağlayır. Burada bağlayıcılıq müstəvini yaradır. Bu baxımdan da belə nəticələrə gəlinir ki, hüquq sisteminin özü normalardan ibarətdir, normalar dəyərdir və gerçəkliklərdir; çünki insanların birbaşa xarakterinə bağlıdır.
Kitab hüquq fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə tutulur.