Təqribən Yer kürəsinin hər sakini il ərzində 700-ə yaxın paket istifadə edir. Ona görə də zibilin 10-da birini polietilen paketlər təşkil edir. Belə paketlərdən istifadə təbiətə böyük ziyan vurur. Onların yandırılması zamanı hava ozon qatını dağıdan dəm qazı ilə dolur. Bu paketlər şəhər kommunikasiyasını pozur - yağış suyunun axdığı novçaları tutur. Külək zamanı ağaclara ilişir, şəhərin gözəlliyinə xələl gətirir.
Ancaq artıq bundan narahat olmağa dəyməz. Çünki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq, bioparçalanan paketlərin istifadəsini reallaşdırıb.
Adi polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Bu da ekologiyanın çirklənməsinin qarşısını almış olur.
Plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qalır. Paketdən yalnız yandırılma yolu ilə yaxa qurtarmaq mümkündür. Əgər ondan təbii yolla imtina edilsə, 400 il gözləmək lazımdır.
APA TV-nin xəbərinə görə, bioloji parçalanan paketlər bir neçə aya qədər torpağa qarışır və ətraf mühitə demək olar ki, heç bir ziyan vermir.
Artıq Bakının iri marketlərinə bioparçalanan paketlər paylanılıb. Alıcılar bu paketləri adı çəkilən alış-veriş mərkəzlərinin kassalarından soruşa bilərlər.