Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Ağdaş rayon şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qəbulda 7 rayonun (Ağdaş, Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsu) sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Ağdaş rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub. Vətəndaşlar əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə müraciət ediblər.
Ümumilikdə bütün müraciətlər operativ qaydada araşdırılıb və onların bir qismi yerindəcə həll olunub. Bir sıra müraciətlər müəyyən dəqiqləşmələr, araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.