Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarımili ərzində 132 müxtəlif cinayətlərin üstü açılıb. APA-nın məlumatına görə, bu barədə Penitensiar xidmətdə 2013-cü ilin birinci yarım ili ərzində fəaliyyətin yekunlarına həsr olunmuş əməliyyat şurasında qeyd olunub. Bildirilib ki, qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1636 manat pul, 105,5 litr spirtli içki, 321 mobil telefon, 82,6 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.
Şurada hesabat dövrü ərzində Penitensiar xidmətin 51 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər.
Əməliyyat Şurasına yekun vuran Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev vurğulayıb ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.