Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsində maliyyə xidməti sahəsində fəaliyyət göstərən əməkdaşlarla treninq-məşğələ keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilovun rəhbərliyi ilə “Maliyyə intizamının gücləndirilməsi” mövzusunda keçirilən treninqdə Baş idarənin Mühasibatlıq şöbəsinin əməkdaşları, tabe qurumların rəis müavinləri və mühasibləri iştirak ediblər.
N.Cəlilov cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının maliyyə xidmətləri tərəfindən aparılan işin təhlilinə əsasən mövcud vəziyyət barədə məlumat verərək, ayrılmış maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə olunması və büdcə təsnifatına uyğun xərclənməsi sahəsində işin səmərəsinin artırılması məqsədilə belə məşğələlərin rolunun yüksək olduğunu vurğulayıb.
Tədbirdə maliyyə xidmətinin daha səmərəli təşkili, eləcə də mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasında tabe qurumların əməkdaşlarına əməli köməklik məqsədilə aidiyyəti təlimatlar verilib.
Məşğələnin yekununda Penitensiar Xidmətin Mühasibatlıq şöbəsinin rəisi, ədliyyə polkovniki Hüseynağa Kazımov maliyyə sahəsində fəaliyyət göstərən əməkdaşların məsuliyyət hissinin artırılmasının, fəaliyyətlərini “Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun olaraq qurmalarının zəruriliyini qeyd edib.