Paytaxtın bu küçələrində təmir yekunlaşdı – Bu ərazilərdə isə...
Qaradağ rayonunda 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri yekunlaşdırılıb.
Azəravtoyol Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bu ərazilər uzunluğu 1.2 km olan rayonun Müşviqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, bundan başqa Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir.
Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb.
Hazırda isə cari təmir işləri Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsində 1.3 km uzunluğa malik 28 may küçəsində, orta təmir işləri isə Lökbatan qəsəbəsinin 700 metr uzunluğa malik Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kv.m-ə yaxındır.
Sözügedən küçələr ümumi istifadədə olan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdir ki, xüsusən payız-qış mövsümündə küçələrlə vətəndaşların hərəkətində problemlər yaşanırdı. İşlərin aparılması ilə bu problemlər aradan qalxacaq.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq, Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələri üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, yaxın müddət ərzində Korgöz qəsəbəsində 1.4 km uzunluğa malik və mərkəzi küçəni 197 saylı orta məktəblə birləşdirən küçədə, həmçinin Lökbatan qəsəbəsinin 1.3 km uzunluğa malik Nizami və Seymur Orucov küçələrinin kəsişməsində, bundan başqa qəsəbənin “6-cı massiv” yaşayış sahəsinin 1 km uzunluğa malik 5-ci küçəsində təmir-tikinti işlərinə start veriləcək. Təmir işlərinin aparılacaq ərazinin sahəsi 30 min kv.m-ə yaxındır.
558