“Son statistik rəqəmlərə görə, hazırda facebook-da 1 milyon 120 mindən çox, tvitter-də on minlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçib”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışında deyib.
E. Aslanov qeyd edib ki, əgər 2000-ci ildə dünya əhalisinin cəmi 6%-i, yəni 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 16 %-ə, yəni 1 milyard nəfərə, 2010-cu ildə 29 %-ə, yəni 2 milyard nəfərə çatıb. Hazırda isə dünya əhalisinin 39%-ini ötməklə 3 milyard nəfərdən çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu göstərici 5 milyard nəfərə çatacaq: “Azərbaycan gəncləri dünyanın bu inkişaf trendini nəzərə almalıdır. İnformasiya cəmiyyəti getdikcə böyüyür. Odur ki, virtual məkanlarda da Azərbaycanın mövqeyinin qorunması, müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma, reaksiyalar çox mühümdür.
Mən bunu açıq söyləyəcəm, sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var, Azərbaycana qarşı əsassız ittihamlara gənclərimiz tərəfindən verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyənlər, bu niyyətə düşənlər məhz reaksiyalardan ehtiyat edib geri çəkilməlidir. Təşəbbüskarlıq bu məsələdə öndə olmalıdır, bu cür əsassız ittihamlara gənclərimiz heç bir dövlət qurumunu, məmurunu gözləmədən özləri cavab verməlidir. Erməni lobbisinin təxribatçı fəaliyyət dairəsini hər bir imkandan istifadə edərək daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır.
Dünyada ən çox müraciət edilən 5 internet səhifəsindən biri hesab olunan Vikipediyanı götürək. 30 milyondan çox ensiklopedik məqaləyə malik Vikipediya 286 dildə fəaliyyət göstərir, hər ay 100 milyonlarla istifadəçi oradan məlumatlar əldə edir. Mən nəzər yetirdim, Vikipediyanın Azərbaycan bölməsində 65 800 istifadəçi fəaliyyət göstərsə də, onlardan cəmisi 500-ə yaxını fəal istifadəçidir. Bu, azdır. Azərbaycan gəncləri bütün mümkün platformalardan ölkənin təbliği üçün istifadə etməlidir. Heç bir informasiya cəbhəsini kənarda saxlamaq olmaz”.