Özəl xəstəxanalar da icbari tibbi sığortaya cəlb olunacaq -<span style="color:red;"> MÜSAHİBƏ
28 dekabr 2016 14:19 (UTC +04:00)

Özəl xəstəxanalar da icbari tibbi sığortaya cəlb olunacaq - MÜSAHİBƏ

 
Yazışma Danışığı Bitdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanovun Lent.az-a müsahibəsi:
 
 
Azərbaycanda gələn ildən icbari tibbi sığortanın pilot layihə şəklində icrasına başlanılacaq. İcbari tibbi sığorta ölkə əhalisinə nə verəcək və nə üçün vacibdir? 

 

- 2017-ci ilin əvvəlindən respublikamızda icbari tibbi sığortanın pilot layihə şəklində icrasına başlanılacaq.  İcbari tibbi sığorta Azərbaycan Respublikası üçün yeni bir layihədir.  Bir çox inkişaf etmiş Avropa ölkələrində artıq bu layihə həyata keçirilir və faydaları haqqında dəfələrlə danışmışıq. Tibbi sığortanın ən vacib stimulverici amili odur ki, onun tətbiqi əhali üçün tibbi xidmətlərin əlçatanlığını təmin edəcək. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi artıq səhiyyənin yeni maliyyələşmə metoduna keçməsi deməkdir.  Bilirsiniz ki, hazırda səhiyyə sistemi əsasən dövlət büdcəsi hesabına maliyyələşir. Tibbi sığortanın tətbiqi artıq səhiyyə sisteminə bağlı olan qurumların tək dövlət büdcəsi tərəfindən deyil, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də maliyyələşməsinə səbəb olacaq. Əhali üçün faydası o olacaq ki, tibbi xidmətlərin əlçatanlığı təmin olunacaq. Hətta ucqar kənddə yaşayan vətəndaşın da tibbi xidmətlərə yaxınlığı təmin ediləcək. Yəni həmin ərazilərdə tibb məntəqələri qurulacaq və həmin xidmətlər şəhər, yaxud kənd ərazisində olmasından asılı olmayaraq bütün əhali üçün əlçatan olacaq. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi dövlət tibb müəssisələrində rəqabətlilik prinsipinin yaranmasına səbəb olacaq ki, nəticədə də bu, tibb xidmətlərinin keyfiyyətinin, eləcə də digər əlavə xidmət spektrinin yaranmasına səbəb olacaq.

 

- Dövlət başçısının müvafiq fərmanı ilə İcbari Tibbi Sığorta Agentliyi publik hüquqi şəxs elan olundu. Bu, Agentliyin idarə olunmasında hansı dəyişikliklərə səbəb olacaq?

 

-  Ölkə prezidentinin fərmanı ilə İcbari Tibbi Sığorta Agentliyi publik hüquqi şəxsə çevrildi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm sığorta haqlarının yığılması, həm də tibb müəssisələrinə sığorta olunanların, yəni Azərbaycan vətəndaşlarının keçdiyi tibbi xidmətlərin ödənişinin həyata keçirilməsi ilə məşğul olacaq. Publik hüquqi şəxsə çevrilməmiz artıq bu işlərin daha sürətli, daha operativ həyata keçirilməsinə səbəb olacaq ki, nəticədə də icbari tibbi sığortanın tətbiqi üçün daha uyğun şərait yaranacaq. 

 

- İcbari tibbi sığorta üzrə vahid qiymət cədvəli hazırdırmı? Tibb xidmətlərinin, dərmanların qiymətində dəyişiklik olacaqmı?

 

- İcbari tibbi sığortanın baza zərfi ilə yanaşı, vahid qiymət cədvəli də hazırlanıb. Vahid qiymət cədvəli iki hissədən ibarət olacaq. 

 

Birinci hissəyə baza zərfinə daxil edilən tibbi xidmətlərin qiymətləri, ikinci hissəyə isə baza zərfi ilə əhatə olunmayan, yəni sığorta təminatına alınmayan xidmətlərin qiymətləri daxildir. Vahid cədvəli təsdiq üçün hökumətə təqdim edilib. İcbari tibbi sığortanın tətbiqi ilə Mingəçevir və Yevlax rayonları ərazisində həmin qiymətlərin tətbiqinə başlanılacaq.

 

- Baza zərfində dərman təminatı necə tənzimlənəcək? Sığorta paketinə hansı dərmanların adları daxil edilib? 

 

- İcbari tibbi sığorta üzrə baza zərfində dərman təminatı tam şəkildə əhatə olunacaq. İcbari tibbi sığortaya cəlb olunmuş stasionar müalicə və müayinə, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti ehtiyac olan dərmanların təminatı ilə tam əhatə olunacaq. Biz baza zərfində stasionar, ilkin səhiyyə və təcili tibbi yardım xidməti üçün dərman təminatında heç bir dərmanın adını konkret olaraq göstərmirik.

 

- Sığorta haqqı nə qədər olacaq və necə toplanacaq? 

 

-Sığorta haqqının ümumrespublika üzrə toplanma qaydası da artıq hazırlanıb və təsdiq üçün Prezident Administrasiyasına təqdim olunub. Sığorta haqqının yığılma qaydası fərqli ola bilər. Yəni sığorta haqqının bir hissəsi bəzi əhali təbəqəsi üçün dövlət tərəfindən qarşılanacaq.  Bura 18 yaşına çatmamış uşaqlar, işləməyən pensiyaçılar, hamilə qadınlar, əyani təhsil alan tələbələr daxildir. İşləyən əhali üzrə icbari qaydada müəyyən faizlər müəyyən olunub. Həmin faizlər üzərindən həm işə götürən, həm də işçi tərəfindən sığorta haqqı ödəniləcək. İnsanlar sığorta haqqını sərbəst şəkildə agentliyin təyin etdiyi ödəmə məntəqələrində ödəyə biləcəklər.

 

- Pulsuz xidmətlər hansılar olacaq? Hansı xidmətlərdən istifadə etmək üçün sığorta haqqını ödəmək mütləq sayılacaq? Sığortalanan vətəndaşlar üçün hansı hallarda endirim olacaq?

 

- Sığorta haqqı yığılandan sonra sığorta haqqını ödəmiş şəxslər artıq təcili tibbi yardım və ilkin səhiyyə xidmətlərindən başqa ambulator, stasionar müalicə və müayinə, fizioterapiya təminatı, vakansiya kimi təminatlardan istifadə edə  biləcək. Bundan başqa,  həyati vacib dəyəri yüksək olan xəstəliklər, angioplastika əməliyyatları, beyin anevrizması və. s kimi bahalı əməliyyatlar var ki, sığorta təminatına daxil edilib. Bu kimi xidmətləri həmin şəxslər sığorta haqqını ödədikdən sonra tam şəkildə əldə edə biləcəklər.

Həmçinin qeyd edim ki, baza zərfinə daxil olmayan xidmətlər üçün qiymətlər özəl və digər təsərrüfat hesablı klinikalarda göstərilən xidmətin qiymətindən qat-qat aşağıdır. Bu da sığorta olunan vətəndaşlar üçün endirimlərin  tətbiqi kimi qəbul oluna  bilər.

 

- İcbari tibbi sığorta nə zaman bütün ölkə ərazisini tam əhatə edəcək?

 

- Pilot layihəni bitirdikdən sonra  ölkə rəhbərliyinə ümumi hesabat, məlumat veriləcək. Pilot layihənin nəticələri məruzə ediləcək. Ondan sonra da verilən qərara uyğun mərhələli və ya tam şəkildə tibbi sığortanın tətbiqinə başlanılacaq. 

 

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin idarəçiliyində dəyişiklik ediləcək. Direktor vəzifəsi təsis ediləcək. Direktorun səlahiyyətlərinə tam olaraq nə daxil olacaq? Direktor təyinatı nəyi dəyişəcək? Onda Baş həkim ikinci dərəcəli şəxs sayılacaq və mühüm qərarları direktor verəcək?

 

- Bildiyiniz kimi, bu günə  qədər dövlət tibb müəssisələrində baş həkimlər müalicə işi ilə yanaşı, təsərrüfat, təchizat, maliyyə, administrativ və bu kimi digər işləri görürdü. İcbari tibbi sığortanın tətbiqi ilə bu proses də bir az fərqli istiqamət alacaq. Tibb müəssisələrinin idarəçiliyində direktorlar fəaliyyətə başlayacaq ki, bu da dünya praktikasında qəbul olunmuş bir haldır. Xəstəxana idarəçiliyində direktorların olması vacibdir. Çünki baş həkimlərimizin müalicə işi ilə yanaşı, digər işləri həyata keçirməsi bir qədər çətindir.

Direktorların təyinatı baş həkimin səlahiyyətlərinin azaldılması demək deyil. Direktorların fəaliyyətinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamaqla yanaşı, digər sektorlarda çalışan kooperativ müştərilərin cəlb olunması, xidmət spektrinin genişləndirilməsi, maliyyəyə, təsərrüfata, təchizata nəzarət və.s kimi funksiyalar daxil olacaq. Burda əsas məqsəd işin daha faydalı təşkil olunmasıdır. İşlər bölünəcək. Bir sıra işlərə direktorlar, müalicə işlərinə baş həkim cavabdeh olacaq. Bu addımın tibb müəssisələrinin artıq biznes yönümlü səmərəli işləməsinə fayda verəcəyi düşünülür.

Bu struktur dəyişikliyi ilə baş həkim ikinci dərəcəli şəxs olmayacaq. Məlumdur ki, tibb müəssisələrində ən vacib amil ora daxil olmuş xəstənin tam effektiv müalicə almasıdır. Burda da ən böyük məsuliyyət elə baş həkimin üzərinə düşəcək. Bu işin gedişindən asılı olaraq baş həkim müəyyən qərarları direktorla razılaşdıraraq verəcək.

 

- İcbari tibbi sığortanın tətbiq olunacağı xəstəxanaların maliyyələşmə mexanizmi və həmin xəstəxanalarda çalışan həkimlərin maaşları ilə bağlı hansı dəyişiklik gözlənilir?

 

- İcbari tibbi sığortanın tətbiq olunacağı tibb müəssisələrində maaşlarla bağlı onu deyə bilərəm ki,  həkimlərin  maaşı sadəcə baza hissədən ibarət olmayacaq və göstəriləcək xidmətə görə onlara bonus, məvacibin qalan hissəsi də veriləcək. Həmin məvacibin də artması gözlənilir. Bir həkim nə qədər çox xəstəyə baxacaqsa, keyfiyyətli xidmət göstərəcəksə, xəstənin sayına görə, xəstənin müalicəsinin nəticəsinə görə mükafatlandırma nəzərdə tutulur. Bu istiqamətdə sığorta tərəfindən araşdırma çox rahatdır. Biz sığorta ödənişlərini ayda bir dəfə olmaqla tibb  müəssisələrinə edəcəyik. Və bir ay ərzində həmin sığorta olunanların keçdiyi müayinələrin protokolları, müayinə nəticələri araşdırılacaq və maliyyə protokol aktı imzalanaraq onun əsasında ödəniş həyata keçiriləcək. Hər bir xəstənin müalicəsinin effektiv olub-olmadığı yoxlanılacaq.Xəstə müalicəsini alıb evə yazılıbsa, təkrar müayinəyə müraciət etmək üçün ambulator tarixi olur. Xəstə müalicə bitməmiş həkimə yenə müraciət edibsə, bu,  müalicədə problem olduğu anlamına gəlir.  

 

Müalicənin keyfiyyətinə görə bonuslar nəzərdə tutulur ki, həmin bonuslar da həkimlərə şamil olunacaq.  Tibb işçilərinə gəldikdə isə hansı xəstəxanada daha çox xidmət göstəriləcəksə, orda  orta, kiçik tibb işçilərinin maaşları, bonusları daha yüksək olacaq.  Burda vacib olan tibb müəssisəsinin effektiv işləməsidir. Tibb müəssisəsi xidmət çeşidlərini nə qədər çox artıracaqsa, olmayan xidmətlərin üzərində çalışıb həmin müəssisədə verməyə çalışacaqsa, o müəssisənin dövriyyəsi çox olacaq. Onun nəticəsində həmin müəssisənin əldə edəcəyi məbləğ daha çox olacaq. Məqsədimiz odur ki, regionda olan tibb müəssisələri də tam şəkildə işləsin və regionda yaşayanlar tibbi  xidmət almaq üçün Bakıya  və yaxud  ətrafda olan, daha çox xidmət verən tibb müəssisələrinə müraciət etməsin. Bunun üçün tibb xidmətin spekterinin genişləndirilməsi də əsas məqsədlərdəndir.  Əgər dövlət tibb müəssisəsində ginekoloji ya hansısa başqa xidmət yoxdursa,  o xidməti təmin etmək üçün səy göstərilməlidir. Nəticədə həmin tibb müəssisəsində göstərilən tibbi xidmətin həcmi artacaq və Bakıya müraciət edənlərin sayı azalacaq.

 

- Özəl xəstəxanalar da  icbari tibbi sığorta sisteminə daxil ediləcəkmi?

 

- Baza zərfinə daxil olan elə xidmətlər var ki, pilot layihənin tətbiq olunacağı Mingəçevir və Yevlax rayonlarındakı dövlət  tibb müəssisələrində onları vermək mümkün deyil. Bunun üçün də alternativ variantlar olaraq  Bakıda və ya digər regionlarda baza zərfinə daxil olan xidmətləri təqdim edə biləcək tibb müəssisələri araşdırılır. Həmin xidmətləri verə biləcək özəl tibb müəssisələri ilə müqavilə imzalanacaq ki, sığorta olunanlar bu xidmətləri tam pulsuz şəkildə əldə edə bilsin.  Ola bilər ki, pilot layihə işə başlayanda özəl tibb müəssisələri də bu işə cəlb olunsun.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Fərizə Əhmədova

Oxşar yazılar