Ombudsmanın Regional Mərkəzi Açıq Hökumətin təşviqinə dair tədbirlər keçirib
30 yanvar 2014 22:43 (UTC +04:00)

Ombudsmanın Regional Mərkəzi Açıq Hökumətin təşviqinə dair tədbirlər keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin Cəlilabad Rayon Təhsil Şöbəsi ilə birgə hazırladığı tədbirlər planına müvafiq olaraq Cəlilabad şəhərindəki  Nizami adına 1 nömrəli humanitar və təbiət fənnləri təmayüllü məktəb – liseydə,  2 nömrəli orta məktəbdə, akademik Z.Əliyeva adına 7 nömrəli orta məktəbdə, Ş.Nəzərov adına Ocaqlı kənd 1 nömrəli orta məktəbdə və rayonun Uzuntəpə kənd orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair” 2012-2015-ci illər üçün “Milli Fəaliyyət Planı”, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan  prezidentinin 26 oktyabr 2006-cı il tarixli 472 №li fərmanının və digər normativ sənədlərin izahı, məqsəd və vəzifələri ilə bağlı maarifləndirici seminar keçirib. APA-nın cənub bürosunun məlumatına görə, sözügedən məktəb rəhbərlərinin, müəllimlər və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçən tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Cəlilabad Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Vaqif Süleymanov mühüm əhəmiyyət kəsb edən dövlət sənədləri barədə ətraflı söz açıblar.

 

Seminarlarda dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi, respublikamızda korrupsiyaya qarşı mübarizə və açıq hökumət prinsiplərinin tətbiqi üzrə görülən tədbirlər və digər mühüm əhəmiyyətli məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan əsas müddəalar dinləyicilərin diqqətinə çatdırılıb, həmçinin iştirakçıları maraqlandıran suallara cavab verilib.

 

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar