O uşaqların anası: "Onlar şənliklərdə oynayanda mən ağlayıram" - XÜSUSİ REPORTAJ
23 dekabr 2013 21:51 (UTC +04:00)

O uşaqların anası: "Onlar şənliklərdə oynayanda mən ağlayıram" - XÜSUSİ REPORTAJ

"Mən sizi salamladım və bu uşaqların adından sizi çox sevdiyimi söylədim. Yəqin ki, siz mənim hərəkətlərimdən heç nə başa düşmədiniz. Amma elə insanlar da var ki, yaşama, bir -biriləni başa düşmək üçün bu jest və mimikalardan istifadə edirlər".

 

Onların öz dünyası, öz dili var. Sevinclərini, kədərini də elə öz dillərində bölüşürlər. Eşidib, danışa bilməsələr də, bölüşə bilirlər. Bir də Tanrı onlara güclü istedad verib. Nəzirovlar ailəsində yaşayan bu yeniyetmələri deyirəm, İmaməli və bacısı Zümrüdü. Bu bacı-qardaş anadangəlmə eşitmə və danışma qabiliyyətindən məhrumdurlar. Ancaq bütün bunlar valideyinləri ruhdan salmayıb. Onlar Salyandakı evlərini satıb Bakıya köçüblər. Uşaqlarına daha rahat şərait yaratmaq, istedadlarını üzə çıxarmaq üçün.  Bu fədakarlıq nəticəsiz qalmayıb deyəsən. Çünki indi İmaməli və Zümrüdü az qala ölkədə hamı tanıyır: "Uşaqlara  görə mən bütün həyatımı dəyişdim. Özüm İnşaat Mühəndisləri Universitetini bitirmişəm. İkinci dəfə oxudum, müəllimlik diplomu almaq üçün. Defektologiya kursu keçdim. Uşaqlarımı məktəbə qoydum. Jestləri də öyrəndim ki, onlarla həmişə təmasda olum. Biz rayonda evimizi, işimizi bağlamışıq. Hər şeyin üzərindən xətt çəkmişik. Sıfırdan başlamışıq. Bunların uğuru mənim üçün qızıl, zinətdir. Fikirləşmişik ki, ağıllı olsunlar, tərbiyəli olsunlar. Biz həyatda olmayanda da onlar öz yerlərini cəmiyyətdə tapsınlar".

 

Bu istəyin ardınca Bakıda gələndə onların çətinliklərlə dolu həyatı başlayıb. Ancaq Zümrüd və İmaməlinin qeyri-adi istedada sahib olmaları bu vəziyyəti bir az dəyişib. Zümrüd rəsm dərslərinə başlayıb. Onun əl işləri müxtəlif sərgilərdə birinci, ikinci yeri tutub, mükafatlar alıb: "Mən heç vaxt uşaqlarıma görə ruhdan düşməmişəm, həmişə mübariz olmuşam.  Heç vaxt "sönməmişik". Ümidim həmişə olub ki, həyatı bunlar qazanacaqlar.  Mən gələcəkdə Zümrüdü gözəl dizayner kimi görürəm. İmaməlini öz peşəsinə uyğun diş texniki kimi görürəm. Mən elə bilirəm ki, çəkilən zəhmət heç vaxt itmir".

 

Gülnarə xanım deyir ki, hər sərgi Zümrüdün özünə inamını bir az da artırır. Elə bayram ərəfəsində Bakıda keçirilən xeyriyyə satış sərgisində Zümrüdün əl işləri diqqəti cəlb edib.

Zümrüd bu il modelyer-dizayner fakültəsinə hazırlaşır. Amma əsl problem burdan başlayır. Çünki xüsusi qayğıya ehtiyacı olan uşaqlara güzəştlər olmadığı üçün əksər vaxt uşaqlar bu imtahandan kəsilirlər. Bu isə mənəvi təsir edir. Onları ruhdan salır. Analarını ən qorxudan maqam budur: "Oranın balı 100-dür. Ancaq Zümrüd onu yığa bilməz. Qabiliyyət heç, qabiliyyət var,  keçəcək. Ancaq test alınmır axı. Danışan, eşidən uşaqla Zümrüdün imtahan verməsi qeyri mümkündür. Bu bizdə yoxdur. Bizim ən böyük problemimizdir. Onda uşaqlar sönür, həvəsdən düşür. Sonra uşağı dartırsan, deyir neynirəm onsuzda qəbul olmayacam ki..."

 

Lal və karların informasiya almaq baxımından da ciddi problemləri yaşayır. Onlar demək olar ki, televiziyalarda gedən proqramlarda nədən söhbət getdiyini bilmirlər. APA TV-nin xəbərinə görə, bir neçə il öncə Azərbaycan Televiziyasında bir sıra proqramların, əsasən "Xəbərlər"in buraxılışlarında lal və kar auditoriyanın anlaması üçün loqoped tərcüməçilər olardı. Onlar ağız, əl və jestlərlə aparıcının, müxbirin, müsahibin nədən danışdığını izah edirdilər. Sonralar həmin tərcüməçilərin xidmətindən istifadə edilmədi: "Heç olmasa, kanallarımızın birində olsun. Xəbərlər proqramına baxanda bu məni taqqıldadırdı ki, başa sal. Buna başa salıram, ona başa salıram. Amma jestikanı bilməyən valideyinlər var. İşləyirəm uşaqlarla. Onlar təcrid olunurlar. Heç olmasa, məlumat alarlar, xəbərdar olarlar".

 

Yeri gəlmişkən, Türkiyə, Rusiya və başqa ölkələrin telekanallarında hazırda bu loqoped tərcüməçi xidmətindən istifadə olunur. Onlar televiziyaya maraqla baxırlar, amma orada baş verənləri başa düşmədiklərinə görə üçün kədərlənirlər. Axı onlar danışa bilməsələr də, güclü hissiyata malikdirlər: "Qohumların toyuna gedir. Hamını heyran qoyur İmaməlinin hissiyatı. Çox güclüdür. Mahnının ritmini tuturlar. Bizim şənliklər olub, mən həmişə ağlamışam. Başını aşağı salıb oynayıb, mahnı bitəndə hiss eləməyiblər. Mən tez özümü atmışam qabağa, özümü də ağlamaq tutub".

 

Jalə Məmmədli, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar