Bu gün “Xalq qəzeti”nin redaksiyasında Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi və Gənc Reportyorlar Birliyinin təşkilatçılığı ilə hərbi jurnalistlərlə müxtəlif ali məktəblərin jurnalistika fakültəsində təhsil alan tələbələrin görüşü keçirilib.
APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən jurnalistlərlə gələcək jurnalistlərin görüşünü təşkil etməkdir.
Onun sözlərinə görə, Qarabağ mövzusu Azərbaycan jurnalistlərinin siyasi əqidəsindən asılı olmayaraq, şərəf və ləyaqət mövzusudur: “Bu baxımdan Qarabağ jurnalistlərimizin ən ağrılı yeridir. Buradakı jurnalistlərimizin əksəriyyəti Qarabağ müharibəsində iştirak edib, döyüş bölgələrində olub, orada baş verənlər haqqında reportajlar hazırlayıblar. Gənc jurnalistlər isə bunları yalnız böyüklərindən eşidiblər. Bizim bu görüşü təşkil etməkdə əsas məqsədimiz də gənc jurnalistlərin Qarabağ mövzusunda təcrübəsini artırmaqdır”.
“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov çıxışında Qarabağ mövzusunun hər zaman aktual olduğunu qeyd edərək, hazırda münaqişəyə aid mənbələrin kifayət qədər olduğunu vurğulayıb: “Qarabağ münaqişəsi özünü qabarıq şəkildə göstərəndə, jurnalistlər mənbə tapmaq üçün xeyli əziyyət çəkirdilər. Sonrakı illərdə Heydər Əliyev tərəfindən bir neçə fərman imzalandı ki, bunlar da Qarabağ mövzusunun fəal şəkildə işlənməsinə şərait yaratdı. Təsadüfi deyil ki, hazırda Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dillərdə yüzlərlə kitab, minlərlə məqalə var. Həmçinin münaqişəyə aid bir neçə film də çəkilib”.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov deyib ki, Qarabağ münaqişəsinə aid çoxsaylı əsərlər yazılsa da, Qarabağda yaşayan qarışıq ailələr haqqında mövzuya toxunulmayıb.
BUD-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli isə qeyd edib ki, Qarabağ münaqişəsi ilə bağlı bir çox həqiqətləri də məhz jurnalistlərin araşdırması ortaya qoyub: “Təsadüfi deyil ki, Xocalı soyqırımı da dünyaya məhz mətbuat vasitəsilə yayıldı. Bu baxımdan mətbuat bir tarixdir. Jurnalistlər tarixi faktları ortaya qoymalıdır”.
APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev Qarabağ müharibəsinin iştirakçısı kimi yaşadığı hadisələrdən danışıb. O qeyd edib ki, müharibədə döyüşçü kimi iştirak etsə də, rastlaşdığı hadisələrlə bağlı mətbuatda da çıxış edib: “Qarabağ problemi Azərbaycan üçün bir nömrəli məsələdir və bu problemə yanaşmanın ümumi xətti olmalıdır. Təəssüf ki, biz fərqli yanaşmaların da şahidi oluruq. Eyni zamanda bu gün daha bir problemimiz ondan ibarətdir ki, Qarabağ həqiqətlərini dünyaya çatdıra bilmirik. Bu gün Qarabağ həqiqətlərinin əsas mahiyyətini dünyaya çatdırmaq bizim başlıca amalımız olmalıdır. Dünyadan tələb etməliyik ki, nəyə görə BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilmir? Bizim daha çox ortaya qoyacağımız məsələ həm də beynəlxalq konvensiyaların pozulması məsələsi olmalıdır. Bu prosesdə əsas iş mətbuatın üzərinə düşür. Ancaq bu sahədə də dünya arenasına çıxa bilmirik. Biz müxtəlif dillərdə olan sayt və jurnallarımızda daha çox ərazi məsələlərindən yazmalıyıq. Dövlətin ayırdığı vəsaitləri bu baxımdan düzgün istiqamətə yönəltməli, bu imkanlardan Qarabağ həqiqətlərinin təbliği üçün istifadə etməliyik”.
N.Quliyev əlavə edib ki, hazırda Azərbaycanda hərbi jurnalistikanı bilən kadrların yetişdirilməsinə ehtiyac var. O, ölkənin təhsil müəssisələrində hərbi jurnalistikanın tədris olunmasının vacibliyini vurğulayıb: “Bu gün Azərbaycanda hərbi jurnalistika yox səviyyəsindədir. Ona görə də hərbi jurnalistikanı, beynəlxalq jurnalistikanı yaxşı bilən kadrlar yetişdirməliyik. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, amma bizdə hərbi jurnalistika, hərbi jurnalistlərimiz yoxdur. Jurnalistlər üçün şərait yaradılmalı, əsgərlərdən, cəbhə bölgəsindən real reportajlar hazırlanmalıdır. Məsələn, bu günlərdə Füzuli cəbhəsində döyüş odu, itkilər verdik. Jurnalistlərin döyüş baş verdiyi səngərə getməsini, elə həmin döyüşdə iştirak edən zabitlərlə, əsgərlərlə görüşünü, onlarla müsahibəsini, reportajını təşkil etmək olmazmı? Qoy, onlar düşmənin hücumunu necə dəf etdiklərini danışsınlar, bütün respublika da bundan xəbər tutsun, bilsin ki, əslində, cəbhədə nə baş verir”.
N.Quliyev Jurnalistika fakültəsinin nəzdində olsa belə, hərbi jurnalistikanı tədris edən ixtisasın yaradılmasını təklif edib. Ə.Amaşov və Y.Kərimov təklifi müsbət qiymətləndirərək, bu istiqamətdə müəyyən işlərin görüləcəyini bildiriblər.
Tanınmış jurnalist Məzahir Süleymanzadə də Qarabağ həqiqətlərinin işıqlandırılmasında və dünyaya çatdırılmasında jurnalistlərin fədakarlığından söz açıb.
Sonra tədbir diskussiya şəkilində davam etdirilib.