GÜNÜN ŞƏRHİ
Neft bazarında qiymət dinamikasını siyasi proseslərin xarakteri müəyyənləşdirir. Bu gün bazardakı durum ABŞ-Rusiya münasibətlərinin təsirindən formalaşıb, əgər əsl səbəb, yəni bu güclər arasında gərginlik aradan qalxarsa, nəticə də aradan qalxmış olacaq. Neft oyununun əsas iştirakçısı olan Səudiyyə Ərəbistanının Rusiyaya irəli sürdüyü şərti də elə təxminən belə başa düşmək lazımdır. Rusiya nə qədər enerji dövləti olsa belə, dünya bazarında qiymətlərə təsir etmək imkanına sahib deyil. Son proseslərə qədər bu qiymətləri yalnız OPEK, daha konkret desək Səudiyyə Ərəbistanı idarə edə bilirdi. İndi meydana ABŞ-ın timsalında şist yanacağı forması ilə ikinci oyunçu da daxil olub. Rusiya və neft hasil edən digər ölkələr nə qədər ki, ABŞ və Səudiyyə Ərəbistanının neft bazarındakı hegemonluğuna son qoymaq üçün yeni kartel yaratmayıb, bu oyunda seyrçi qalacaqlar. Buna görə də reallığı etiraf etmək lazımdır - bazarda neftin qiymətlərini Rusiyanın Ukrayna və Suriya siyasəti, Qərbin isə bu siyasətdən narazılığı müəyyənləşdirir. Nəzəri baxımdan Rusiyanın hər iki cəbhədə geri addım atması Qərblə gərginliyi qaldırmış olar və neftin qiyməti yenə də yüksələr. Səudiyyə Ərəbistanının demək istədiyi də budur - əlini Əsədin kürəyindən çək, neftin qiymətini qaldıraq. Başqa bir məqam da var - səudiyyəlilər indiyədək neftin ucuzlaşdırılması siyasətinin Rusiyaya qarşı yönəlmədiyini iddia edirdilər, niyə birdən-birə özlərini təkzib edərək bu siyasətin məhz Moskvanı zəiflətməyə yönəldiyini etiraf etdilər? Səbəb sadədir, çünki qiymətlərin uzun müddət bu qədər ucuz olması Səudiyyə Ərəbistanına da sərf etməyəcək. Bu amil isə ABŞ-Səudiyyə Ərəbistanı müttəfiqliyinin ən zəif bəndidir.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Fevral
110