İran neftinin bazara daxil olması məntiqlə “qara qızıl”ın qiymətini ucuzlaşdırmalı idi. Çünki, onsuz da təklifin çox olduğu bazara miqdarından asılı olmayaraq yeni həcm daxil olur. Lakin gözlənildiyinin əksinə olaraq bu, baş vermir. Tələb-təklif qanununa zidd olaraq neft dünəndən etibarən bahalaşmağa başlayıb. Çinin iqtisadi göstəricilərinə dair hesabat açıqlandı və göstəricilərin proqnozların altında olması məntiqlə neftin qiymətinə mənfi təsir göstərməli idi. Çin dünyanın ikinci ən böyük neft idxalatçısıdır və ölkə iqtisadiyyatının geriləməsi ölkənin əvvəlkindən daha az miqdarda neft alması deməkdir. Bu isə öz növbəsində onsuz da dolu olan bazarda qiymətləri aşağı salmalı idi. Amma yenə də gözlənildiyinin əksinə olaraq neft bahalaşır. ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabat sabah açıqlanacaq və ekspertlər ötən həftəyə nəzərən ehtiyatların həcminin azalacağı barədə proqnozlar səsləndirir. Bu da neftin qiymətinin düşməsini şərtləndirən vacib amillərdən biridir. Lakin neft bu amilə belə əks reaksiya verir və bahalaşır. Demək ki, neftin qiyməti heç də bazardakı təklif-tələb nisbəti ilə müəyyənləşmir, qiyməti bazar deyil, siyasi maraqlar diktə edir. Neftin qiymətini 149 dollara qaldıran da, 29 dollara endirən də o maraqlardır. Hələlik neftin qiymətindəki enmələrə-qalxmalara nəzərən maraqların subyektini də obyektini də müəyyənləşdirmək olar. Subyekt çox ola bilər, obyekt isə məlumdur - Rusiya cəbhəsi. Tək Moskva deyil, həm də neft ixracatçısı olan müttəfiqləri. Neft oyunu davam edir.
Vüqar MƏSİMOĞLU