NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
ATƏT-in Minsk Qrupuna neçə nəfər həmsədrlik edib? Bu, ali məktəblərə qəbul imtahanlarında test kitabçasına daxil edilməli sualdır. Ötən on illər ərzində biz jurnalistlərin və siz tamaşaçıların işi həmsədrlərin adlarını əzbərləmək olub. Əslində siz tamaşaçıların günahı yoxdur, bu gərəksiz adları sizin beyninizə biz həkk etmişik. Həmsədrlərin işi regiona səfər etmək, bizim işimiz onların regiona səfər edəcəyi, səfər etdiyi, səfərin başa çatdığı barədə xəbərlər yaymaq olub. Amma cəmiyyətdə hələ də həmsədrlərin konkret nə işlə məşğul olduğuna dair dəqiq anlayış yoxdur. Cəmiyyəti qınamaq da mümkün deyil, çünki bununla bağlı verilən hər suala həmsədrlər “bu, bizim missiyamıza aid deyil” şəklində cavab verir, daha doğrusu bu cavabla yaxalarını kənara çəkirlər. İndi məlum olur ki, həmsədrlərin vəzifələrindən biri işğal altında olan ərazilərlə yaxından tanış olmaq imiş. İşğal altında olan bölgələrimizlə tanışlıq başa çatdıqdan sonra həmsədr dəyişir, yerinə başqası təyin olunur. Jak For da Dağlıq Qarabağ və işğal altındakı digər rayonlarımızla tanışlığı artıq başa çatdırdı və estafeti adını əzbərləməyə hələ macal tapmadığımız yeni fransalı həmsədrə verdi. Həmsədrlər dəyişir, nəticə isə yoxdur. Bunu elə-belə yazdım, çünki hər kəs bilir ki, nəticənin həmsədrlərin dəyişməsindən asılı olduğunu düşünmək sadəlövhlükdür. Elə son sözümü də elə belə yazıram, ilk cümlədə qoyduğum sualın cavabını – ATƏT-in Minsk Qrupunun indiyədək 27 həmsədri olub. Bu rəqəmi yadda saxlayın, hörmətli abituriyentlər, bəlkə test imtahanlarında sual düşdü.