Azərbaycan respublikası ərazisində ümumi istifadədə olan avtomobil yollarından istifadə qaydaları “Avtomobil yolları haqqında” Azərbaycan respublikasının qanununa əsasən tənzimlənir. Lent.az-ın məlumatına görə, bu qanunun IV fəslinin 33-cü maddəsində birmənalı şəkildə göstərilir ki, “ümumi istifadədə olan avtomobil yollarının torpaq yatağı hüdudlarında nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinə mane olan ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır.”
Torpaq yatağı hüdudu isə bu gün qüvvədə olan normativ hüquqi aktlara əsasən
respublika əhəmiyyətli yolları üçün 60 metr enində, yerli əhəmiyyətli yollar üçün 25 metr enində müəyyən olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli və Nazirlər Kabinetinin 2004 –cü il 28 fevral 18 nömrəli Qərarlarında da öz əksini tapıb. Hazırda bu istiqamətdə çoxlu sayda nöqsanlar mövcuddur ki, bu da yollarda hərəkətin intensivliyinə təsir etməklə yanaşı, yol tikintisini həyata keçirən inşaatçıların işində də böyük çətinliklər yaradıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, son zamanlar fiziki və hüquqi şəxslər tərəfindən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında çoxlu sayda qanunsuz tikililər inşa olunur və bununla yanaşı magistral avtomobil yollarında bir sıra hallarda qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları satılır. Belə vəziyyət isə avtomobil yollarında təhlükəsiz hərəkətin təşkilinə imkan vermir, eyni zamanda yol-qəza hadisələrinin artmasına gətirib çıxarır.
P.Mürsəliyevin sözlərinə görə, belə avtomobil yollarından biri də hazırda tikinti işləri gedən Hacıqabul-Kürdəmir avtomobil yoludur: “Sözügedən yolda artıq bir neçə vaxtdır ki, əlavə 2 hərəkətli zolaqlı yolun tikintisinə başlanılıb. Həmin ərazidə kənd təsərrüfatı məhsullarının qeyri-qanuni satışı tikintini həyata keçirən inşaatçıların işini çətinləşdirməklə yanaşı, hərəkətin intensivliyinə təsir edərək yol boyu tıxacların yaranmasına gətirib çıxarıb. Vətəndaşlarımız öz məhsullarını yuxarıda qeyd olunan qanuna riayət etməklə sərbəst şəkildə satmaqla məşğul ola bilərlər. Bəzi şəxslərin yol kənarında alış-verişlə məşğul olması heç də digərlərinin hüquqlarının pozulmasına gətirib çıxartmamalı, ortaya çıxan problemlər qanun çərçivəsində həll edilməlidir. Belə ki, müvafiq strukturlar tərəfindən yarmarkalar və ya xüsusi yerlər təşkil edilməsi istiqamətində müvafiq addımlar atılmalıdır. Təəssüflə qeyd olunmalıdır ki, magistral yollarda baş verən qanunsuzluqlar nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yanaşı, sürücüləri sürət həddini azaltmağa məcbur edir və bu ərazidə avtomobil tıxaclarının yaranması ilə nəticələnir. Yaranmış vəziyyətlə bağlı bir daha bildiririk ki, respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinə mane olmaq olmaz və hərəkətin intensivliyinə maneçilik törədən bu kimi halların (həyatları bahasına yol ticarəti ilə qanunsuz məşğul olanların) qarşısı qətiyyətlə alınmalıdır”.