Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında ümumilikdə 38988 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu vəsaitin 22765 manatı əmək haqlarından, 2640 manatı zərərə görə ödənclərdən, 13583 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin gecikdirilməsi halları əsasən sahibkarlıq subyektlərində aşkar edilib.
Qeyd olunan sahəyə dövlət nəzarətinin gücləndirilməsi yanvar ayında gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalmasına səbəb olub. Eyni zamanda, son bir ayda qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 5 nəfər öz əvvəlki işlərinə bərpa edilib.