Soma faciəsinə qardaş dəstəyi
20 may 2014 15:04 (UTC +04:00)

Soma faciəsinə qardaş dəstəyi

Məlum olduğu kimi, 2014-cü ilin 13 mayında Türkiyədə Manisa vilayətinin Soma kəndində Soma Holding tərəfindən idarə edilən kömür ocağında baş vermiş partlama nəticəsində meydana gələn yanğın Türkiyə tarixində 1992-ci il Kozlu kömür mədəni faciəsindən sonra ən çox insan itkisinə səbəb olan mədən qəzası kimi tarixə düşdü. Məlumatlara görə partlayış zamanı  787 nəfər işçinin olduğu kömür mədənində təxminən 300-ə yaxın işçi həyatını itirmişdir. Türkiyədə bu faciəni müəyyən siyasi əsaslarla əlaqələndirən bir sıra qüvvələrin mitinqə qalxması mövcud siyasi vəziyyətin də gərginləşməsinə səbəb olmuşdur.
Qeyd edək ki, bütün dünyaya səs salan bu faciə içində insan sevgisi olan hər bir kəs tərəfindən  olduqca emosional qarşılandı. Təbii ki, ailəsini dolandırmaq üçün min bir əziyyətə qatlanan onlarla ailə başçısı, borcunu qaytarmaq üçün gecə gündüz çalışan onlarla gəncin ölümü və sahibsiz qalan ailələrin acısına şərik olmamaq qeyri-mümkündür. Təbii ki, Türkiyəyə dəstək olan dövlətlər içərisində Azərbaycan Respublikası xüsusilə fərqləndi.
Respublikamız ən yaxın tərəfdaşlarından biri olan, bundan da əlavə qardaş saydığı  Türkiyəyə öz mənəvi dəstəyini hər zamanki kimi əsirgəmədi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə faciə ilə bağlı göndərdiyi məktubda bu barədə belə deyirdi: “Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.”
 Soma şəhərində kömür mədənində baş vermiş faciə ilə bağlı mayın 15-də Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirildi. Anım mərasimində iştirak edən baş nazirin müavini Abid Şərifov çıxışında bildirmişdir: “Azərbaycan olaraq biz Türkiyədə ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq”. Həmçinin Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Azərbaycanda anım tədbiri “Bir millət, iki dövlət” prinsipi ilə keçirilir: “Azərbaycan Prezidentindən aldığımız başsağlığı mesajı, eyni zamanda, Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”
Bundan başqa ayın 16-da, yəni cümə günü Bakının Əjdərbəy məscidində cümə xütbəsi Soma kömür mədənində baş vermiş faciəyə həsr olunmuşdur. Xütbəni oxuyan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirmişdir ki,  necə ki, Türkiyə ağır günlərimizdə bizim yanımızda olub, biz də bu ağır gündə onların yanındayıq. Biz “bir millət iki dövlət olaraq” hər zaman bir yerdəyik. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə faciə ilə əlaqədar prezident Abdullah Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubları göndərmişdir.
Təbii ki, hər kəsi çox dərindən sarsıdan bu hadisə yalnız dövlət səviyyəsində deyil, sadə vətəndaşlar tərəfindən də kədərlə qarşılanmış və geniş ictimaiyyət tərəfindən yad olunmuşdur.


Ləman Xəlilova
“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar