“2014-cü ilin ilk yarısında avtomobil növbəsində olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaqlar”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bununla bağlı Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayırıb. “Əlillər üçün nəzərdə tutulan və Naxçıvanda istehsal olunan “Naz-lifan” maşınlarının alınması üçün həmin zavodun Müşahidə Şurasının sədri ilə görüş keçirilib. O da bizə söz verib ki, artıq 300 maşının bütün komplektləşdirici ehtiyat hissələri gətirilib. Digər maşınlar üçün də ehtiyat hissələrinin gətirilməsi üçün Çinə səfər ediləcək”.
Nazir vurğulayıb ki. 5 ay ərzində növbədə olan 650 nəfərə yaxın Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin hamısı avtomobillə təmin olunacaq. “Böyük Vətən müharibəsi və ona bərabər tutulan digər hadisələr nəticəsində əlil olan şəxslərin avtomobillə təmin olunması üçün gələn il nazirliyin büdcəsindən 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub”.
S. Müslümovun sözlərinə görə, həmin vəsait hesabına 2014-cü il ərzində həmin əlillər də avtomobillərlə təmin ediləcək: “Düşünürəm ki, bunun nəticəsində gələn il ərzində avtomobil növbəsində olan əlillərin siyahısı nazirliyin saytından çıxarılacaq. Yəni bu siyahıya artıq ehtiyac olmayacaq”.