Təhsil naziri Mikayıl Cabbarov təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, işçi qrupun rəhbəri təhsil nazirinin müşaviri Hüseyn Əliyev təyin olunub. Qrupun tərkibinə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova, İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli və "Vətən" Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər futbol məktəbinin direktoru Vasif Məmmədov daxildir.
İşçi qrupuna tapşırılıb ki, aidiyyəti qeyri-hökumət təşkilatları ilə birlikdə təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizmini və tətbiqinə, təhsil alanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən halları araşdırsın və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etsin.
Əmrin icrasına nazir müavini Ceyhun Bayramov nəzarət edəcək.