"Hazırda Azərbaycanda 1 milyon 273 min 270 nəfər əmək pensiyası, 547 min 300 nəfər ünvanlı dövlət sosial yardımı, 320 min 520 nəfər isə sosial müavinətlə təmin olunur. Cari ilin birinci yarısında 62 min nəfərə yaxın insan birdəfəlik müavinət alıb. Ümumilikdə, sosial müdafiə sistemi vasitəsilə hökumət ölkə əhalisinin 23 %-ni dəstəkləyib və onların sosial xidmətlərə birbaşa çıxışını təmin edib”. Lent.az-ın məlumatına görə, bunu bu gün Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə cari ilin may ayından başlanan sədrliyi çərçivəsində Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir deyib ki, sosial-iqtisadi nailiyyətlər demoqrafik vəziyyətə də müsbət təsirini göstərib, əhalinin ümumi ölüm indeksi azalıb və doğulanda gözlənilən ömür uzunluğu göstəricisi artıb. Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72.3 yaş, o cümlədən kişilər arasında - 69.5 yaş, qadınlar arasında - 75.1 yaş təşkil etmişdirsə, 2013-cü ilin nəticələrinə görə bu göstərici - 74.2 yaşa, o cümlədən kişilər üçün - 71.6 yaşa, qadınlar üçün - 76.8 yaşa yüksəlib. Həmçinin bu dövrdə sosial təminatla yanaşı, səhiyyə və təhsilin inkişafı, adambaşına düşən ÜDM-in həcminin sürətlə artması nəticəsində Azərbaycan İnsan İnkişafı İndeksinə görə BMT-nin İnkişaf Proqramının hesabatında 76-cı yerdə qərarlaşaraq yüksək inkişaf indeksli ölkələr sırasına qoşulub.
S.Müslümov sosial birliyə maneə törədən amillərdən birinin də həll olunmamış hərbi münaqişələr olduğunu vurğulayıb. “Ermənistanın Azərbaycana 20 ildən çoxdur ki, davam edən hərbi təcavüzü ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizinin işğalına, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, deməli, onların təməl hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olub. 12 min nəfərdən çox insan müharibə əlili olub, cəmiyyətin inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb. Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti, yüz minlərlə iş yeri, mədəni sərvətlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ona görə də Avropa Şurasının hər kəsin, xüsusilə əhalinin həssas qruplarının heç bir ayrı-seçkilik olmadan sosial hüquqlara çıxışını təmin etmək səylərini dəstəkləyirik. Bu məsələlərə beynəlxalq səviyyədə diqqətin artırılması olduqca vacibdir”. Nazir ölkəmizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, İKT-nın geniş tətbiqi sahələrində görülən işlər, dövlət və özəl qurumların 230-dan çox xidmətini bir məkandan vətəndaşlara təqdim edən ASAN xidmət mərkəzləri barədə də məlumat verib.