Nazir: “Turizm obyektlərində ciddi problemlər var”
12 oktyabr 2013 10:29 (UTC +04:00)

Nazir: “Turizm obyektlərində ciddi problemlər var”

 

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər, o cümlədən 29 may-1 iyun 2013-cü il tarixində Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, 2012-2013-cü tədris ilinin yekunları və respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələr, bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqin nəticələri, Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi və tabeliyində olan müəssisələrin fəaliyyəti müzakirə olunub. 
 

Kollegiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu nəticələrini yüksək dəyərləndirib. Qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü və himayəsi ilə gerçəkləşən Forum ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanında, multikulturalizmin əsas mərkəzlərindən birinə çevrildiyini göstərir. 
İclasda Bakıda Forumun beynəlxalq mərkəzinin yaradılması ilə bağlı lazımi tədbirlərin görülməsi, 2015-ci ilin payızına nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tədbirlər planının hazırlanması, tədbir çərçivəsində dünya ölkələrinin mədəniyyət və turizm nazirlərinin ikinci görüşünün təşkili, Foruma dair kitab-kataloqun nəşr edilməsi və digər məsələlər müzakirə olunub, müvafiq qərar qəbul edilib, Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinə tapşırıqlar verilib.
 

2013-cü ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlərin nəticələrindən danışan nazir bununla bağlı Azərbaycan Turizm Assosiasiyasında geniş müzakirələr aparılacağını deyib. İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri və digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri monitorinqlər zamanı ciddi problemlərin ortaya çıxdığını deyən nazir, turizm müəssisələrinin öz işlərinə daha məsuliyyətli yanaşmasını tələb etməyin və nəzarəti gücləndirməyin vacibliyini vurğulayıb. İclasda Nazirliyin Turizm şöbəsi tərəfindən bölgələrdə fəaliyyət göstərən mehmanxanaların rəhbərləri üçün idarəetmə ilə bağlı seminarların təşkili, şöbənin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə paytaxtdakı mehmanxanalarda monitorinqlər keçirməsi məsələsi də müzakirə olunub. 


2012-2013-cü tədris ilinin yekunları və respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələrə toxunan nazir tədris müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, məktəblərdə maddi-texniki bazasının yaxşılaşdırılması, təmir və yenidənqurma işləri ilə yanaşı, ümumilikdə tədris müəssisələrinin fəaliyyəti, iş üslubu da yenilənməli, günün tələblərinə cavab verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138

Oxşar yazılar