Nazir: “Dərslik müəlliflərinin daha çox həvəsləndirilməsi lazımdır” - YENİLƏNİB
16 dekabr 2013 16:44 (UTC +04:00)

Nazir: “Dərslik müəlliflərinin daha çox həvəsləndirilməsi lazımdır” - YENİLƏNİB

“TQDK tərəfindən dərsliklərin monitorinqi dərsliklərin istifadəyə verilməsinin tərkib hissəsi olaraq həyata keçirilsə, bu, resursların daha səmərəli istifadəsinə gətirib çıxara bilər”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın təqdimatında deyib. Nazir bildirib ki, bu gün dərsliklərin hazırlanması prosesi texnoloji nöqteyi-nəzərdən müəyyən qüsurlara malikdir: “Belə ki, dərslik hazırlanan kimi biz bunu təhsil sisteminə və məktəbə təhvil veririk. Amma texnoloji nəzərdən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən prezidentin müvafiq sərəncamına əsasən həyata keçirilən dərsliklərin monitorinqi dərslik istifadəyə veriləndən sonra deyil, onun istifadəyə verilməsinin bir tərkib hissəsi kimi həyata keçirilməlidir”.

 

Nazirin sözlərinə görə, dərsliyin məzmunu ilə çapı məsələləri bir-biri ilə uyğunlaşmalıdır. Hazırda faktiki olaraq tətbiq olunan sistem yalnız qalib dərslik müəllifinin hüququnun və zəhmətinin tanınaraq müvafiq qonorarların ödənilməsindən ibarətdir: “Bu kimi yanaşma heç də dərslik müəlliflərinin çoxluğuna və alternativliyinə xidmət etmir. Biz bu məsələ barədə düşünməliyik. Bir neçə dərsliyi ayrı-ayrı müəllif qrupu hazırlayırsa, burada müəyyən mənada asılılıq yaranır. Biz də bu asılılıqdan heç bir halda razı deyilik”.

 

M. Cabbarov deyib ki, dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik olan müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir: “Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işdə olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, onun müvafiq yaşından asılı olaraq qavramaq qabiliyyətindən başlayaraq dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun (kurikulum) tələbləri, standartların tanışlığı ilə onların çatdırılmasına qədər, dərsliklərin təhlili prosesində təhsil alanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir. Bu hər hansı bir dövlət məmurunun, qurumunun əmri əsasında həyata keçirilə bilərmi? Bu sualın cavabını siz məndən də yaxşı bilirsiniz”.

# 733

Oxşar yazılar