Zolaqlı Porsuq həmişə başqalarının yanında Xınalı Ayı ilə qonşu, hətta dost olmağı ilə fəxrlə danışırdı. Bəs onlar necə dostlaşmışdılar?
Kəlləsi ağ-qara zolaqlı Porsuq bir gün öz yuvasını genişləndirərkən gedib Xınalının yuvasına girmişdi. Nəhəng Ayını görən Porsuq qorxusundan dalı-dalı geri qayıtmaq istəyərkən qonşusu onu saxlamışdı:
- Hey, dostum, qorxub eləmə, elə yaxşı gəlmisən, mən də təkcə darıxırdım.
Porsuq ovcundakı torpağı yerə tökərək əlini Ayıya uzadır:
- Mənim adım Zolaqlıdı. Bağışla, qonşu, doğrusu belə yaxın yaşadığımızı bilməzdim. Yoxsa sənin yuvanla nə işim.
- Əcəb eləmisən! – Ayı ona ürək-dirək verdi. – Əyləş, tanışlıq münasibəti ilə bir az bal yeyək, - deyib yan otağa keçdi və hər iki əlində üstünə bal çəkilmiş yarpaq Zolaqlının yanına qayıtdı.
Qonşusunun nəzakəti Porsuğu heyran elədi. Qonaqlıqdan sonra Ayı ona:
- Darıxanda gəl söhbətləşək, mən də darıxıram. Sənin yuvana sığsaydım sənə özüm qonaq gedərdim, ona görə həmişə sən gəlməlisən, - deyib, Zolaqlını qapının ağzına qədər ötürdü. Həmin gündən onlar mehriban qonşu, yaxın dost oldular.
Porsuq Xınalıgilə qonaq gedəndə, adətən, ona armud aparardı. Payızda gətirdiyi armud qurusu Ayının lap xoşuna gəlirdi. Porsuğun hər gəlişinə sevinər, dərhal belinin qaşınan yerlərini dostuna qaşıtdırardı. İti caynaqlı Porsuq belini qaşıdıqca Xınalı gözlərini yumub ləzzətlə mahnılar oxuyardı. Hərdən ov qayğısı olmayanda bütün gecəni bir yerdə keçirər, söhbətləşib şənlənərdilər.
Payızın son günləri idi, Ayı artıq qış yuxusuna hazırlaşırdı. Porsuq bir qucaq armud qurusu götürüb onun qapısını döydü. Xınalı dostunun bu gəlişinə çox sevindi.
- Bircə gün də geciksəydin, görəcəkdin, artıq lələşin xoruldayır! – deyib, onunla zarafatlaşdı.
Zolaqlı öz dostuna diqqətli olmağını nəzərə çatdırmaq istədi:
- Bilirdim, bu gündən düüüz yaza qədər bir-birimizi görməyəcəyik, ona görə dedim, dostuma baş çəkim. Həm də sonuncu gün bir dənə “Duraki” oynayaq, - deyərək qarnının ağ zolağı altından bir dəstə kart çıxartdı. Ayı dostunun gətirdiyi hədiyyəyə və karta çox sevindi.
Pəncələrini bir-birinə sürtərək:
- Payla! – dedi.
Zolaqlı həvəslə kartı qarışdırmağa başladı. Birdən Ayını təzəcə görmüş kimi:
- Bu nədi, tükünün rəngini dəyişmisən? – soruşdu.
Ayı:
- Bəs nədi? Mən qış yuxusuna hazırlaşanda həmişə tüklərimi tünd qırmızı rəngə boyayıram.
Taxta bardaqdakı ballarımı da yanıma qoyuram ki, hərdən yuxulu-yuxulu pəncəmi batırıb baldan sora bilim. Bilirsənmi, şirin bal soranda şirin də yuxular görürəm. Ancaq, dayan, bəs de görün, nədən oynayacağıq? – söylədi.
Porsuq irişərək:
- Əşi, nədən oynamalıyıq ki? – deyib, bic-bic güldü, - gəlmişəm səni yuxuya şən yola salam. Bu oyunun marağı ondadı ki, uduzana “durak”, yəni axmaq deyilir, vəssalam. İndi görək, axmaq hansımızdı.
Ayı dostunun zarafatını zarafatla cavabladı:
- Guya bilmirsən axmaq hansımızdı? Səndən axmağı var ki, bu yer altında? Ha-ha-ha!
- Ona hələ baxarıq! – deyib, Zolaqlı gülə-gülə kartı qarışdırmağına davam elədi.
Ayı sağ pəncəsini yuxarı qaldırıb dilləndi:
- Şərtimiz belədi, üç dəfə oynayacağıq. Mən uduzsam, hər dəfə bir bardaq bal verəcəm, sən uduzsan hər dəfə üç dənə armud qurusu verərsən.
Zolaqlı dostunun şərtinə razılaşaraq kartı payladı. Birinci oyun Porsuğun qələbəsi ilə başa çatdı. Ayı pərt halda bal bardağının birini ona tərəf itələyərək:
- Payla görüm, baxarsan, indi səni nə günə qoyacam! – deyib, yerini təzədən rahatladı.
İkinci oyun başladı. Zolaqlı artıq dostunun uduzmasının səbəbini də anlamışdı. Yəni, oyun başlayan kimi yekəpər Xınalı əlindəki kozırlarla Zolaqlıya hücum etməyə çalışır, nəticədə öz əlini zəiflədirdi. Nə qədər dost olsalar da onun bu axmaqlığı Porsuğa ləzzət eləyirdi.
- Dostum, belə getsə, qorxuram qış yuxusuna balsız gedəsən, ha-ha-ha! – Zolaqlı Xınalının naşı oyununa baxıb məzələnirdi. Ayı isə hirslənərək əlindəki bütün kozerlərlə ona hücum eləyir, səhvlər buraxırdı.
- Hələ ona baxarıq, ac qalan kim olacaq! – deyib Xınalı kartları var gücü ilə yerə çırpırdı.
Zolaqlı ikinci oyunu da uddu. Ayı pərt halda ikinci bardağı da Zolaqlı tərəfə itələdi. Üçüncü oyun başladı. Porsuq dostunun üçüncü bardağını da uddu. Ayı pərt halda xeyli fikrə gedərək qəfildən dilləndi:
- Zolaqlı, səndən bir xahişim var! Məni artıq qış yuxusu basır, gəl, bardağın birini ver mənə, yaz açılan kimi əvəzində sənə iki bardaq bal verəcəm, söz!
Porsuq gülərək:
- Yaxşı, dostum, narahat olma, bardağın biri sənin! – deyib, bardağın birini Xınalıya tərəf itələdi.
Xınalı yanı üstə uzanıb pəncəsini bardağa batırdı və:
- Hələlik, dostum, yazda görüşərik! – deyib, xoruldamağa başladı. Zolaqlı Xınalının yanında oturub onun yuxu görməyini gözləyirdi. Nəhayət, Ayının üzü güldü və yuxu görməyə başladı.
Onun gördüyü yuxular Zolaqlıya da görünürdü. Zolaqlı baxdı ki, dostu yuxusunda sıx ağaclı yaşıl meşəlikdə harasa gedir. Birdən qarşısına tükləri parıldayan başqa bir Ayı çıxdı. Xınalı pəncəsini ona uzadıb tanış oldu. Onlar bir-birini iyləyərək mahnı oxuya-oxuya gedir, arada mayallaq aşırdılar. Xınalı hərdən gülümsəyərək pəncəsindəki baldan yalayırdı.
Yuxunun bu yerində Zolaqlı tələsik öz yuvasına getdi və yarpağın arasında qara istiot gətirdi.
- İndi baxaq görək, acı istiotla hansı yuxular görəcəksən? - deyib, irişərək dostunun pəncəsindəki bala istiot səpdi.
Sevimli dostu ilə yuxuda şənlənən Xınalı pəncəsini yenidən yalamağa başladı. O, dərhal ağzını yandıran istiotun təsirindən üz-gözünü turşutdu və donquldanaraq o biri yanı üstə çevrildi.
Zolaqlı baxdı ki, dostunun yuxusu tamam dəyişdi. Budur, qəfildən ağaclığın arasından iri ov itləri peyda oldu və hürüşə-hürüşə onlara tərəf qaçmağa başladılar. İtlərinin arxasınca isə əli tüfəngli iki nəfər ovçu dabanbasaraq gəlirdi. Xınalı dostu ilə əl-ələ verib var gücü ilə meşənin dərinliyinə qaçırdı.
Lakin itlər əl çəkmir, hürüşərək onları təqib edirdilər. Xınalı dostu ilə iri bir ağaca dırmaşdı. İtlər ağacın dibində onlara tərəf yuxarı tullanaraq zəhmlizəhmli hürürdülər. Bu zaman əli tüfəngli adamlar da gəlib ağaca yaxınlaşdılar.
Xınalı həyəcanlı şəkildə pəncəsini yalamaq istəyəndə Zolaqlı tez onun pəncəsinə yenidən bal süzdü. Dostu şirin balı yalayan kimi o biri yanı üstə çevrildi və dərhal yuxusunu dəyişdi.
Xınalı bu dəfə yuxuda gördü ki, yaşıl bir çəmənlikdə uzanıb. Başının üstündə sarı-sarı meyvələr gətirmiş armud ağacı var. O, ağzını açıb yuxarı tutan kimi istədiyi armud ağzına düşür.
Zolaqlı dostu ilə məzələnmək üçün yenidən onun pəncəsinə azacıq istiot səpdi. Pəncəsini yalayan Xınalı dərhal o biri yanı üstə çevrildi və yuxusunu dəyişdi. Zolaqlı baxdı ki, Xınalı bal
əldə eləmək üçün pəncəsini bir ağacın koğuşuna soxur. Bu zaman içəridən bir dəstə arı çıxaraq Xınalını mühasirəyə aldı. O, ətrafında vızıldayan minlərlə arıdan can qurtarmaq üçün zarıya-zarıya özünü meşənin sıx yerinə verir. Lakin arılar ondan əl çəkmir. Bu zaman
dostunun halına acıyan Zolaqlı onun açıq ağzına bir yarpaq bal sürtür. Ağız-burnunu yalayan Xınalıdan arılar dərhal əl çəkir. Dostunu arılardan xilas edən Porsuq yenidən onun açıq pəncəsinə xeyli bal sürtür. Dostu təzədən o biri yanı üstə çevrilərək xoş yuxular görməyə başlayır.
Bu dəfə Ayı çiçəklərlə bəzənmiş çəmənlikdə bir dəstə rəngli kəpənəklə oynayıb mayallaq aşırdı. Səhərə yaxın Porsuq dostunu şirin yuxular qoynuna buraxıb öz yuvasına qayıtdı.
Zolaqlı beləcə bütün qış gecələrini Xınalının pəncəsinə şirin bal sürtərək onun gözəl yuxularına baxmaqla keçirdi. Bal bardaqlarının hər üçü boşaldıqdan sonra bahar gəldi və Ayı gərnəşərək uzun qış yuxusundan ayıldı. Yanındakı boş bardaqları görən Xınalı başa düşdü ki, Zolaqlı qoyduğu balları evinə aparmayıbmış.