Multikulturalizm Mərkəzi 2015-ci  ili uğurla başa vurdu
29 dekabr 2015 14:02 (UTC +04:00)

Multikulturalizm Mərkəzi 2015-ci ili uğurla başa vurdu

Əsası  Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan bu gün dünyanın ən mötəbər beynəlxalq təşkilatları, ictimai birlikləri tərəfindən hüquqi, demokratik dəyərlərə sahib, dinamik inkişaf edən və  regionun ən güclü iqtisadiyyatına sahib olan ölkə kimi tanınır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədi ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biridir. Mərkəz Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural dəyərlərin tədqiqi və təşviqi ilə əlaqədar layihələrin gerçəkləşdirilməsini 2015-ci il ərzində prioritet sahələr kimi qəbul edib. Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun  bir sıra qabaqcıl ali məktəbləri ilə ikitərəfli danışıqlar aparıb, qarşılıqlı əməkdaşlıq protokolları imzalayıb. Görülən uğurlu işlərin nəticəsində hələ 2015-ci ilin birinci yarısında 7 nüfuzlu ali məktəbdə, o cümlədən, İtaliyanın Sapienza Universitetində, Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına Sofiya Universitetində, Rusiyanın I Prezidenti Boris Yeltsın adına Ural Federal Universitetində, Çexiyanın Praqa Karlov Universitetində, Litvanın Litva Pedaqojı Universitetində təsdiq olunmuş proqramlarla “Azərbaycan Multikulturalizmi” fənni  tədris olunmağa  başlayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ilin ikinci yarısında bu layihənin daha da genişləndirilməsi üçün gərgin iş aparıb və nəticədə daha 4 universitetdə, o cümlədən, İsveçrənin Frayburq Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət universiteti, Türkiyənin Erciyes Universiteti və Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunmağa başlayıb.

 

Azərbaycan universitetlərində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi”  fənlərinin tədrisinin həyata keçirilməsi layihəsi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və müvafiq ali məktəblərlə əməkdaşlıq müqavilələri imzalayaraq 2015-ci ilin birinci yarısında respublikamızın 7 ali məktəbində,  Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetində tədris prosesi başlayıb. Bundan əlavə Bakı Slavyan Universitetində Multikulturalizm kafedrası açılıb. Mərkəz layihəni genişləndirərək 2015-ci ilin payız semestri ərzində daha 12 universitetdə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qərb Universiteti, Kooperasiya Universiteti, Azərbaycanın Dövlət Dənizçilik Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin bakalavr və magistr səviyyəsində tədrisinə nail olub. Beləliklə, hazırda “Azərbaycan Multikulturalizmi” fənni dünyanın 11 və Azərbaycanın 19 nüfuzlu ali məktəbində uğurla tədris olunur.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi istər xarici ölkə universitetlərində, istərsə də ölkədaxili universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanmasına xüsusi önəm verərək onların zəruri material və məlumatlarla təmin edilməsini diqqətdə saxlayıb. Xarici ölkə universitetlərində təşkil olunan monitorinqlər çərçivəsində Mərkəz tərəfindən müəyyənləşdirilən monitorinqi aparan  şəxslər həmin universitetlərdə həm də birdəfəlik mühazirələr təşkil edib. İsveçrənin Frayburg Universitetində “Linqvistik müxtəliflik və Azərbaycan Multikulturalizmi”, İtaliyanın La Sapienza Universitetində “Müasir Azərbaycan və multikulturalizm”, Türkiyənin Erciyes Universitetində “Azərbaycan ədəbiyyatında multikulturalizm”, Portuqaliyanın Lusofona universitetində “Linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin komponenti kimi”, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Bitola Universitetində “Multikulturalizm və sosial-iqtisadi inkişaf – Azərbaycan təcrübəsi”, Indoneziyanın Coqyakarta şəhərində “Muhammadiyyah” dini-sosial  təşkilatında “Azərbaycan multikultural ölkə modeli kimi” mövzularında oxunan birdəfəlik mühazirələr dinləyici alim və tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisinin intellektual infrastrukturunun formalaşdırılması layihəsinin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 21 iyul - 01 avqust tarixlərində keçirilən “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: oyrən, araşdır, paylaş. Beynəlxalq Yay məktəbi” təşkil edilib. Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin ideyası əsasında həyata keçirilən bu layihənin başlıca məqsədi “Azərbaycan Multikulturalizmi” və “Multikulturalizmə giriş” fənnlərinin tədris olunduğu tələbələrə Azərbaycanı əyani şəkildə göstərmək, onların nəzəri biliklərini real həyatda möhkəmləndirmək və Azərbaycanın əsl dostlarına çevirməkdən ibarət olub.

 

Bu layihənin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 08-17 fevral 2016-cı il tarixində baş tutacaq “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: “öyrən, araşdır, paylaş” Beynəlxalq Qış məktəbinin hazırlıqlarına başlayıb.

 

Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan qerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq vəzifəsini reallaşdırma istiqamətində müxtəlif vaxtlarda “Holokost və Xocalı müasirlərin gözü ilə” və “Ermənilərin Qarabağa köçürülməsi, Marağa -150: tarix və faktlar” mövzusunda dəyirmi masalar təşkil edilib. Tarixçi alimlərin, müxtəlif dini qurum və icma rəhbərlərinin, ictimai xadimlərin iştirakı ilə keçən bu tədbirlərdə elmi həqiqətlərin aşkarlanmasına xidmət edən araşdırma nəticələri, müzakirələr, fikir mübadilələri xüsusi maraqla qarşılanmış, yeni-yeni mövzulara yol açıb.

 

Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq müstəviyə çıxarılmasını təmin etmək, mütəxəssislərimizin fəaliyyətini bu istiqamətə yönəltmək üçün Mərkəz bir sıra mühüm layihələr həyata keçirib. 2015-ci ilin aprelində Mərkəzin bilavasitə təşəbbüsü ilə İtaliyada Romanın Pontifika Selisiani Universitetində keçirilən “Qafqaz Albaniyası “Beynəlxalq konfransda Mərkəzin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin və Mərkəzin şöbə müdiri Nəriman Qasımzadənin təqdim etdiyi məruzələr böyük marağa səbəb olub. 2015-ci il martın 30-da Mərkəzin təşkilatçılığı ilə Almaniyanın Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəxalq elmi konfrans keçirilib.  Beynəlxalq konfransda müxtəlif ölkələrin 50-dən çox alimi, dini konfessiya rəhbərlərinin Azərbaycan multikulturalizminin tarixi qaynaqları və müasir mərhələdə onun  dövlət siyasəti səviyyəsinə qaldırılması mövzusunda ciddi diskussiyalar aparılıb. 2015-ci il mayın 27-də İsveçrənin Frayburq universitetinin Federalizm institutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar, Almaniyanın Drezden şəhərində “Kitabi- Dədə Qorqud” dastanında tolerantlıq Azərbaycan multikulturalizminin bədii qaynaqlarından biri kimi”  mövzusunda keçirilən dəyirmi masa alimlər tərəfindən yüksək qiymətləndirilib və bu haqda həmin ölkələrin mətbuat səhifələrində geniş məlumatlar verilib.

 

 “Kitabi Dədə Qorqud” dastanının alman dilindən ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında ölkə Prezidenti tərəfindən imzalanan 20 fevral 2015-ci il tarixli Sərəncam bir sıra qurumlarla yanaşı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısında da konkret vəzifələr qoymuşdu. Tədbirlər Planına və Himayyəçilər Şurasının tövsiyyələrinə uyğun olaraq milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanının böyük əhəmiyyəti nəzərə alınmaqla “Kitabi Dədə-Qorqud və Fridrix fon Dits -200” adlı Birinci və İkinci Beynəlxalq kollokviumlar keçirilib. Bu kollokviumlarda Türkiyə, Almaniya, İtaliya, Rusiya, Qazaxstan, Yunanıstan, Gürcüstan, Latviya kimi ölkələrin Qorqudşünasları tərəfindən edilən çıxışlar və söylənilən fikirlər  bütünlükdə “Qorqudşünaslıq” elminin inkişafına dəyərli töhfədir. Dünya alimlərinin böyük əksəriyyəti “Kitabi Dədə-Qorqud”u dünya ədəbiyyatının nadir incilərindən hesab edilən “İliada” və “Odiseyya” əsərləri, “Nibelunqlar haqqında nəğmə” , “Manas” dastanı ilə qarşılıqlı təhlil edərək dünya dastanşünaslığının təməli, bünövrəsi kimi dəyərləndirib. Mərkəzin bilavasitə təşkilatçılığı ilə alman alimi və diplomatı Fridrix fon Ditsin “Kitabi Dədə-Qorqud” dastanı haqqında yazdığı müqəddiməsi  və “Basatın Təpəgözü öldürdüyü” boyunun 25 dildə  - azərbyacan, ingilis, rus, türk, ərəb, macar, italyan, fransız, yunan, çin, ukrayna, fars, hind, gürcü, erməni, yapon, ivri, talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq dillərinə tərcümə edilərək ayrıca kitablar şəklində nəfis tərtibatla nəşr olunub. Kitabların ilk təqdimatı 11 dekabr 2015-ci il tarixində Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Mədəniyyət və Turizm nazirliyinin, Təhsil nazirliyinin, AMEA-nın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Slavyan Universitetinin və bir sıra müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada reallaşıb.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci il dekabrın 17-də Almaniyanın Drezden şəhərində Saksoniya Dövlət kitabxanası, Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası, Auqsburq Universiteti və Osvald Volkenşteyn Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarında tolerantlıq Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından biri kimi” adlı elmi konfrans keçirilb. Azərbaycan və alman alimlərinin, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri bu tədbirdə qorqudşünaslığın Berlindən Bakıya gələn 200 illik uzun bir yolu haqqında geniş məruzə və çıxışlar dinlənilmişdir. Sonda Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanaraq 25 dildə nəşr edilən Henrix Fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanı üçün yazmış olduğu ön söz və dastanın bir boyundan ibarət kitabları Drezden kitabxanasına hədiyyə edib.

 

Respublikamızın müxtəlif bölgələrinə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından səmərəli istifadə etməklə tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanmasına dəstək vermək vəzifəsini yerinə yetirmək üçün etnik qruplarla əlaqələrin genişləndirilməsini qarşısına məqsəd qoyan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu qrupları bir araya gətirərək ölkənin bir sıra yerlərində keçirilmiş festivallarda onların birgə iştiraklarını təmin etmişdir. Mərkəzin dəstəyi ilə 2015-ci il 3 və 4 iyul tarixlərində Şəki şəhərində keçirilən “İpək yolu musiqi folklor festival”ı məhz belə tədbirlərdən idi.

 

Ölkəmizin multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək məqsədi ilə 2015-ci il ərzində Mərkəzin təşəbbüsü ilə 6 beynəlxalq “Virtual dəyirmi masa” təşkil edilib. Toplanan materiallar ümumiləşdirilərək rus və ingilis dillərinə tərcümə olunub və kitabçalar formasında nəşr edilib. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətinin təbliği mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi məqsədilə Mərkəz tərəfindən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı azərbaycan dilində çap olunub, növbəti ildə isə həmin kitabın tərcümə edilərək rus və ingilis dillərində nəşr edilməsi planlaşdırılır.

 

Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə bütünlükdə 21 görüş və müşavirə, 11 dəyirmi masa, 8 seminar, xarici ölkələrdə isə 6 beynəlxalq konfrans, 14 seminar və görüş keçirib, bu tədbirlərdə Azərbaycan multikulturalizminin xüsusiyyətləri, ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısı barədə geniş diskussiyaların aparılmasına nail olub.

 

Bu gün özlərini demokratiyanın beşiyi adlandıran Qərbi Avropa ölkələrinin əksəriyyətində müxtəlif dini qurum  rəhbərləri  əhalinin sıx yaşadıqları məkanlarda mühafizəsiz və sərbəst olaraq insanlarla bilavasitə azad təmasda ola bilmədikləri halda, ölkəmizdə hər bir dini qurum rəhbəri belə imkanlardan sərbəst istifadə edir. Bütün qeyd olunanlar bir daha təsdiq edir ki, Azərbaycan müxtəlif  xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çeviriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar