Azərbaycanda mülki dövriyyədə olması qadağan olunan əşyaların sayı artırılır.
Milli Məclisdən APA- ya verilən məlumata görə, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunun Arayış hissəsindəki siyahıya əlavələr edilir.
Əlavələrə əsasən, siyahıdakı əşyaların sayı 16 - dən 18-ə qaldırılır. Azərbaycan respublikası Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə olunan bəndlər aşağıdakılardır:
17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları;
18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları;
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.