Təhsil Nazirliyi orta məktəb şagirdlərinin dərsdən yayınma hallarına münasibət bildirib. Nazirlikdən Lent.az-a verilən məlumatda bildirilir ki, hər bir şagirdin formalaşmasında məktəblə yanaşı, ailənin də mühüm rolu var: “Valideynlər öz övladlarının təhsil almasında, onların bir şəxsiyyət kimi formalaşmasında üzərilərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Məktəb direktorları və sinif rəhbərləri bu işə məsuliyyətlə yanaşmalı, müəllimlərlə valideynlər birgə təşəbbüslər həyata keçirməli və valideyn komitələri bununla bağlı məsələlərə cəlb olunmalıdır”.
Şagirdlərin dərsə davamiyyəti Təhsil Nazirliyinin hər zaman diqqətindədir və nazirlik bu problemin həlli edilməsi üçün ayrı-ayrı reydlərin keçirilməsini deyil, daha sistemli və davamlı iş aparılmasını məqsədəuyğun hesab edir.
Nazirlik həmçinin müəllimlərin əməkhaqqının ödənilməsində yeni sistemin tətbiq olunacağını açıqlayıb. TN-nin məlumatına görə, müəllimlərin peşəkarlığı, onların karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, yeni metodlara verdikləri önəmə görə əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsi zəruridir. Bununla bağlı ümumi təhsil müəssisələrində ixtisaslaşdırılmış ödəniş sisteminin deyil, diferensial ödəniş sisteminin tətbiq olunacağı nəzərdə tutulur.