Müəllimlərin dəyişməyən statusu - ARAŞDIRMA
17 avqust 2013 11:00 (UTC +04:00)

Müəllimlərin dəyişməyən statusu - ARAŞDIRMA

Yeni dərs ilinin başlanmasına cəmi bir ay qalıb. Amma belə görünür ki, təhsil işçiləri yeni dərs ilinə də dövlət qulluqçusu hesab edilmədən başlamalı olacaq. Çünki təhsil və səhiyyə işçilərinin dövlət qulluqçusu hesab olunmasına dair ölkə başçısının sərəncamından 2 il 3 aydan çox keçməsinə baxmayaraq, bu sərəncamın icrası istiqamətində hələlik heç bir ciddi addım atılmayıb. Bu isə o deməkdir ki, müəllimlər növbəti dərs ilində də dövlət qulluqçusu sayılmayacaq. Bu, həm də müəllimlərin aylıq məvaciblərinin elə köhnə qayda ilə hesablanacağı deməkdir.

 

Xatırladaq ki, ölkə başçısı “Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncamı 2011-ci ilin aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Ancaq göründüyü kimi, 3 aya hazırlanmalı olan sənəddən 2 ildən artıqdır ki, səs-səmir çıxmır. Halbuki 2 ildir ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü gözləməkdədir.

 

Bəs, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin bu qədər yubanmasına səbəb nədir? Bu status müəllimlərin maaşının hesablanmasında hansı dəyişikliyə gətirib çıxaracaq? Ümumiyyətlə, dövlət qulluğunun xüsusi növünə aid edilməli olan təhsil işçiləri hazırda nə qədər maaş alır və onların aylıq məvacibləri necə hesablanır?

 

İntensiv iş gedir, amma...

 

Lent.az-ın araşdırmalarından məlum olur ki, son iki ildə tez-tez gündəmə gələn, xüsusilə də təhsil işçilərinin daimi müzakirə mövzusu olan bu suallar tam şəkildə aydınlıq gətirmək indiki məqamda mümkün deyil. Səbəb isə aidiyyəti qurumların bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atmasıdır. Belə ki, Nazirlər Kabinetindən Lent.az-a bildiriblər ki, bu qurum öz səlahiyyətinə uyğun olaraq təhsil işçilərinin dövlət qulluqçusu hesab olunmasına dair Konsepsiya layihəsinin hazırlanmasını başa çatdırıb. Hazırda isə sənəd müvafiq rəy və təkliflərin toplanması üçün Təhsil Nazirliyindədir.

 

Təhsil Nazirliyində isə bildirirlər ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ən yaxşı halda gələn ilin yanvarında mümkün ola bilər. Çünki Nazirlər Kabineti tərəfindən hazırlanmış Konsepsiya layihəsi hələ tam hazır deyil. Belə ki, layihədə aidiyyəti qurumların rəy və təklifləri də nəzərə alınmalıdır. Lakin bu qurumlar özlərinin rəy və təkliflərini nazirliyə təqdim etməyiblər.

 

Bununla belə, Təhsil Nazirliyi bəyan edir ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı intensiv şəkildə iş aparılır. Aidiyyəti qurumların Konsepsiya layihəsinə rəy və təklifləri alındıqdan sonra bu təkliflər ümumiləşdirilərək yenidən Nazirlər Kabinetinə təqdim olunacaq.

 

O ki qaldı müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin onların aylıq məvaciblərinə necə təsir edəcəyinə, bu məsələ də açıq qalır. Təhsil Nazirliyində deyirlər ki, dövlət qulluqçusu statusunun müəllimlərin maaşının hesablanması qaydasında hansısa dəyişikliklər vəd etmir. Belə ki, müəllimlər dövlət qulluqçusu hesab olunsalar belə, onların maaşı əvvəl olduğu kimi həftəlik dərs yükünün miqdarına görə hesablanacaq. Yeganə dəyişiklik yalnız istirahət, məzuniyyət və bu kimi digər sosial imtiyazların genişlənməsinə aid ola bilər.

 

“Məqsəd müəllimlərə yüksək maaş verməkdirsə...”

 

Elə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da bu cür düşünür. Onun fikrincə, müəllimlərin dövlət qulluqçusu hesab olunması heç də onların maaşlarının digər sahələrdən olan dövlət qulluqçularının maaşı səviyyəsinə qaldırılacağı anlamına gəlmir. Ekspert deyir ki, müəllimlərə bu statusun verilməsi onların mərkəzi icra hakimiyyəti orqanlarında, parlamentdə, məhkəmə orqanlarında işləyən dövlət qulluqçuları ilə eyni statusda olacaqları hesab edilmir. Ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilər kimi onlar da əlavə sosial imtiyazlar əldə edə biləcək: “Bu imtiyazların nədən ibarət olacağı bəlli deyil. Ümumiyyətlə, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin anlamının nə olduğu bilinmir. Əgər məqsəd müəllimlərə yüksək maaş verməkdirsə, bunu xüsusi status vermədən də eləmək olar. Amma təhsil işçiləri büdcə təşkilatlarında çalışanlar arasında böyük üstünlüyə malikdir. Ona görə də onların maaşını əhəmiyyətli şəkildə artırmaq həmişə çətinlik yaradır. Görünür, bu hökuməti xeyli qayğılandırır və ona görə də müəllimlərə dövlət qulluqçusu statusun verilməsi yubanır”.

 

Bütövlükdə Sahib Məmmədov müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini prinsipial məsələ hesab etmir. Onun fikrincə, bu statusun nədən ibarət olacağı, onun “Dövlət qulluğu haqqında” qanunla, yoxsa Əmək Məcəlləsi ilə tənzimlənəcəyi, statusda nəzərdə tutulan imtiyaz və güzəştlərin necə təsnifatlaşdırılacağı çoxlu suallar doğurur? “Çünki əslində dövlət təhsil müəssisələrində çalışan müəllimlər dövlət qulluqçusu sayılır. Amma onlara xüsusi təsnifatlandırılmış status verilməsi o deməkdir ki, özəl təhsil müəssisələrində çalışanlar dövlət qulluqçusu sayılmayacaq. Əslində isə müəllimlərin sosial güzəşt və imtiyazlarını artırmağın ən yaxşı yolu onlara normal əməkhaqqı verməkdir. Bunu isə dövlət qulluğu statusu verilmədən də etmək olar”.

 

Təhsildə məvacib bölgüsü

 

O ki qaldı təhsil işçilərinin maaşının məbləğinə, bu, Nazirlər Kabinetinin 13 dekabr 2011-ci il tarixli 203 saylı qərarı ilə Vahid Tarif Cədvəlinə edilən dəyişikliklər də nəzərə alınmaqla müxtəlif təhsil pillələri üzrə vəzifə maaşlarının səviyyəsindən asılı olaraq dəyişir. Həmin qərara əsasən, məktəbəqədər təhsil müəssisəsinin tipindən və iş stajından asılı olaraq, direktorların aylıq tarif maaşı 150-220, tərbiyəçilər və baş tərbiyəçilər ucun 128-188, tərbiyəçi köməkçiləri ucun 108-113 manatdır. Şagirdlərin sayından və ümumtəhsil məktəbinin tipindən və əmək stajından asılı olaraq, vahid tarif cədvəli orta məktəbin rəhbər heyətinin aylıq maaşı 162-220, müəllim heyətinin məvacibi isə 128-188 manat səviyyəsində müəyyən edilib.

 

İnternat və xüsusi, eləcə də orta ixtisas və peşə məktəblərində çalışan müəllimlərin maaşı adi məktəblərdəkindən bir qədər yüksəkdir. Amma burada da vahid tarif cədvəli üzrə aylıq vəzifə maaşı şagirdlərin sayından və iş stajından asılı olaraq dəyişir. Belə ki, orta ixtisas məktəblərinin direktorları 174-220, bölmə və şöbə rəhbərləri 138-188, müəllimlər 128-188 manat, peşə təhsili məktəblərinin direktorları 174-220, usta və təlimçilər 128-162 manat maaş alır.

 

Orta təhsil müəssisələri ilə müqayisədə ali məktəblərdə çalışan müəllimlərin maaşları xeyli yüksəkdir. Ancaq bu da onları dolandıra biləcək səviyyədə deyil. Belə ki, kateqoriyasından asılı olaraq ali məktəblərin rektorlarının aylıq məvacibləri 490-530 manat, prorektorlar 330-415 manat, kafedra müdirləri 240-280 manat, professorlar 310-350 manat (iş stajından asılı olaraq 30-120 manat intervalında əlavə), dosentlər 265-305 manat (stajdan asılı olaraq 25-100 manat əlavə), baş müəllimlər 220-260 manat (stajdan asılı olaraq 20-80 manat əlavə), sıravi müəllimlər 175-215 manat (stajdan asılı olaraq 15-60 manat əlavə) arasında dəyişir.

 

Yeri gəlmişkən, 2012-ci ilin dövlət büdcəsindən təhsil işcillərinin əməkhaqqı ödənişlərinə 910,9 milyon manat yönəldilib. Bu vəsaitlərin 50,2 milyon manatı məktəbəqədər təhsil müəssisələrində, 677,5 milyon manatı orta təhsildə, 28,2 milyon manatı internat və xüsusi məktəblərdə, 44,1 milyon manatı isə texnikum və peşə məktəblərində çalışan işçilərin məvaciblərinin ödənməsinə xərclənib. Bundan başqa, büdcənin “təhsil xərcləri” təsnifatındakı vəsaitlərin bir hissəsi xüsusi təyinatlı təhsil müəssisələrində ərzaq xərclərinə yönəldilir. Büdcə sənədlərinin təhlili göstərir ki, ötən il  təhsil bölməsindən ərzaq təminatına 39,9 milyon manat ayrılıb. Həmin vəsaitlərin 23 milyon manatı bağçalara, 11,6 milyon manatı fiziki və əqli cəhətdən qüsurlu uşaqların, valideyn himayəsindən məhrum olan uşaqların təhsil aldığı internat və xüsusi məktəblərə yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3070

Oxşar yazılar