Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni ümumrespublika televiziya kanalı üçün elan etdiyi müsabiqəyə dair yekun qərarı sabah açıqlayacaq. Bu barədə Lent.az-a MTRŞ sədri Nuşirəvan Məhərəmli bildirib. Onun sözlərinə görə, Şuranın sabah keçiriləcək iclasında bu məsələyə baxılacaq. Telekanallarda aparılan monitorinqlərin nəticələri isə Novruz bayramından sonra açıqlanacaq.
Qeyd edək ki, MTRŞ tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayım kanalının açılması üçün müsabiqə yanvarın 22-dən fevralın 22-dək elan olunub. Qeyd olunan müddətdə 3 iddiaçı - “Brand in Baku” MMC, “Fatiyev Company” MMC və “Region TV” MMC müsabiqəyə sənəd təqdim edib.