Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
Komitədən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Mingəçevir şəhəri, A.Qurbani küçəsində yerləşən 5 saylı «Arzu» körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı ümumi vəziyyət «Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı»nın (AZS 747-2013) tələblərinə uyğun deyil. Belə ki, qidalanma azyaşlıların yataq otağında həyata keçirilib, müəssisənin mətbəxi və anbarı standartın tələblərinə və sanitariya qaydalarına cavab verməyib, naharda qida çatışmazlığı müşahidə olunub, anbarda isə ərzaq çatışmazlığı aşkar edilib. Bundan başqa, verilən qidada uşaqların yaş fərqi nəzərə alınmayıb, ərzağın mənşəyini əks etdirən heç bir sənəd təqdim edilməyib.
Mingəçevir şəhəri, İslamzadə küçəsi,5 ünvanında yerləşən 12 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunub. Belə ki, yataq otağında nahar edən azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmayıb, qida rasionuna uyğun menyu tərtib olunmayıb, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməyib. Anbarda rütubətlilik normaya uyğun gəlməyib, ərzaq məhsulları ilə yuyucu kimyəvi vasitələrin bir yerdə saxlanıldığı aşkar edilib. İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatları və digər sənədlər təqdim olunmayıb.
Hər iki müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbərlərinə iradnamə təqdim olunub, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.