Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş verən mədən faciə ilə bağlı yardım kampaniyasına başlayıb. Lent.az-ın məlumatına görə, cəmiyyətdən azvision.az-a bildirilib ki, kompaniyaya Milli Məclisin deputatları da qoşulub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN,, Qənirə Paşayeva 1000 AZN pul köçürüb.
Eyni zamanda Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov 50 AZN pul köçürüb.
Qeyd edək ki, Azərbaycan Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün “Mərhəmətinizi əsirgəməyin!” adlı yardım kampaniyasına başlayıb.
Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
*****
16:55
"Bir az əvvəl qardaş Türkiyədə -Somada yaşanan faciədə əziyyət çəkən insanlarımıza dəstək istiqamətində Qızıl Aypara Cəmiyyətinin dəyərli başçısı Novruz Aslanla danışdım və Somaya yardım üçün əmək haqqımın bir hissəsini keçirdiyimi bildirdim”. Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, artıq bəzi millət vəkillərimiz Somaya dəstək üçün Qızıl Aypara Cəmiyyəti vasitəsilə öz dəstəyini göstərməyə başlayıblar: “İnanıram ki, millət vəkillərimizin hamısı Qızıl Ayparanın bu önəmli dəstək kampaniyasına qoşulacaq. İmkanı olan insanlarımızın da Qızıl Aypara vasitəsilə bu kampaniyaya dəstək olacağına inanır və onları Soma faciəsində əziyyət çəkən insanlarımıza imkanları çatdığı qədər dəstək olmağa çağırıram”.
Q. Paşayevanın sözlərinə görə, bu bizim ortaq ağrı-acımızdır və Azərbaycan prezidenti xalqımız qardaş Türkiyənin bu üzüntüsünü öz üzüntümüz kimi paylaşdığımızı bildirib: “Qızıl Ayparanın bu nəcib aksiyası bu istiqamətdə önəmli bir addımdır. Gəlin, hamımız Qızıl Aypara Cəmiyyətinin başladığı bu önəmli aksiyaya qoşulaq".