Təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası”nın təsdiq edilməsi barədə əmr imzalayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrlə “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası” təsdiq edilib.
Əmrdə qeyd olunur ki, nazirliyin bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərləri və aidiyyəti işçiləri fəaliyyətlərində bu Qaydaların tam və düzgün tətbiq olunmasını təmin etməlidirlər.
Təhsil Nazirliyinin, ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli şəxsləri tərəfindən bu Qaydalara 1 və 2 nömrəli əlavə ilə müəyyən olunmuş vətəndaşların qəbulu qrafikinə ciddi riayət olunması tapşırılıb.
Qaydalara əsasən, nazirin qəbulu – ayda bir gün, nazir müavinlərinin qəbulu – iki həftədə bir gün, aparat rəhbəri, şöbə müdirləri və idarə rəislərinin qəbulu – həftədə azı bir gün olacaq. Nazirliyin şöbə və idarələrinin (rəhbərlər istisna olmaqla) əməkdaşları tərəfindən vətəndaşlar hər iş günü qəbul ediləcək. Qəbul qrafiki nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılır, rəsmi internet səhifəsində (www.edu.gov.az) və elektron xidmət bölməsində (bundan sonra – EXB) yerləşdirilib.
Vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, vətəndaşlar təhsil nazirinin müavinləri və aparat rəhbərinin qəbuluna müvafiq şöbə və idarə rəhbərləri, təhsil nazirinin qəbuluna isə müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər. Qeyd olunub ki, qəbula yazılan vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Lakin həmin sənədin olmaması onu dinləməməyə əsas verə bilməz. Qəbula gəlmiş vətəndaş İnformasiya şöbəsinin əməkdaşları tərəfindən dinləniləcək və vətəndaşların uçotu jurnalında qeydiyyata alınmaqla məsələnin mahiyyəti üzrə onun aidiyyəti şöbədə qəbul edilməsi təmin ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.