Təhsil naziri Mikayıl Cabbarov bəzi rayonlarda icra hakimiyyətləri tərəfindən orta məktəblərə edilən müdaxilə hallarına münasibət bildirib. Lent.az-ın xəbərinə görə, bu cür halların qarşısını almaq məqsədilə gələcəkdə orta məktəblərin birbaşa Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sualı cavablandıran təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın bütün ərazisində “Təhsil haqqında” qanuna əsasən, təhsil müəssisələrinin fəaliyyəti eyni şəkildə həyata keçirilir və tənzimlənir.
Təhsil naziri orta məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərlərinin alınması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırılarsa, o zaman valideynlər müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər: “Qanunvericiliyə əsasən, buna dair ciddi ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacağıq”.