Təhsil naziri Mikayıl Cabbarov bu il orta məktəbi bitirənlərin hamısına attestat verilməsinin müsbət nəticələrindən danışıb.
Lent.az-ın verdiyi məlumata görə, Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, bu qərar məzunların böyük əksəriyyəti üçün ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanı yaradıb və bu, özünü doğruldub.
Mikayıl Cabbarov bildirib ki, 2012-2013-cü tədris ilində ölkə üzrə ümumtəhsil məktəblərinin 11-ci siniflərini 84 min 769 şagird bitirib. Onların 84 min 121 nəfəri buraxılış imtahanlarına buraxılıb və attestat alıb. Bu, məzunların ümumi sayının 99,3 faizini təşkil edir. Onun sözlərinə görə, bu il buraxılış imtahanlarında “2” qiymət almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas qrupu üzrə 350 bal, II ixtisas qrupu üzrə 301 bal, III ixtisas qrupu üzrə 559 bal, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər var.